RƏSMİ XRONİKA


AZƏRBAYCAN QIRĞIZISTANLA BÜTÜN İSTİQAMƏTLƏRDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA TƏRƏFDARDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRĞIZISTANIN MÜDAFİƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Prezident sarayında Qırğızıstanın müdafiə naziri general-polkovnik Esen Topoyevi qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında əlaqələrin dostluq və qardaşlıq zəminində uğurla inkişaf etdiyini söylədi. O, ötən ilin dekabrında beynəlxalq konfrans zamanı Prezident Əsgər Akayevlə görüşünü xatırladaraq, ikitərəfli əlaqələrin perspektivləri və gələcəyə yönəlmiş planlar haqqında geniş fikir mübadiləsi apardıqlarını bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Qırğızıstanla əməkdaşlığı bütün istiqamətlərdə, o cümlədən, hərbi sahədə inkişaf etdirmək istəyirik. Qırğızıstan və Azərbaycan müdafiə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış saziş də bu sahədə atılmış müsbət bir addımdır.

Xalqlarımızın dil, din, adət-ənənələr baxımından bir-birinə yaxın olduğunu, hazırda suveren dövlətlərimizin müstəqil siyasət yeritdiyini, beynəlxalq təşkilatlardakı əməkdaşlığın yüksək səviyyəsini vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Qırğızıstanın müdafiə nazirinin səfəri xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcəkdir. O, özünün salamlarını və ən xoş arzularını Prezident Əsgər Akayevə çatdırmağı xahiş etdi.

Esen Topoyev Bakıya səfəri ərəfəsində Prezident Əsgər Akayevin qəbulunda olduğunu bildirərək dedi ki, Qırğızıstan rəhbəri ən xoş arzularını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir. Nazirin sözlərinə görə, Qırğızıstanın dövlət başçısı da Azərbaycan xalqına və Prezidentinə uğurlar arzulamışdır. Xalqlarımız ümumi tarixi köklərinin, ümumi adət və ənənələrinin olduğunu vurğulayaraq demişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra ölkələrimiz arasında əlaqələrdə müəyyən bir qırılma olmuşdur, lakin indi əlaqələrimizi bərpa edir və türkdilli dövlətlərin “yeni bir piramidasını” yaradırıq.

General Topoyev Mərkəzi Asiya regionundakı proseslərdən, öz ölkəsinin antiterror koalisiyasında iştirakından bəhs etdi. MDB çərçivəsində fəaliyyətləri barədə, Azərbaycanın müdafiə naziri ilə apardıqları danışıqlar və imzaladıqları saziş barədə məlumat verən nazir Azərbaycan Ali Hərbi Məktəbində olarkən aldığı yüksək təəssüratdan danışdı və bu təcrübəni öz ölkəsində də tətbiq edəcəklərini söylədi. Esen Topoyev Qırğızıstan zabitlərinin də bu ali məktəbdə təhsil almasına imkan yaradılmasını xahiş etdi.

Prezident İlham Əliyev bu məsələnin həll olunması üçün Azərbaycanın müdafiə nazirinə müvafiq tapşırıq verdi. Azərbaycanda hərbi kadrların hazırlanması tarixindən bəhs edən dövlətimizin başçısı dedi: “Bu proses hələ 1970-ci illərdə başlanmışdır. Bizim ümummilli liderimiz Heydər Əliyev həmin illərdə general Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaratmışdı. O zaman bu, SSRİ-nin tarixində nadir bir hadisə idi. Rusiyada Suvorov, Naximov məktəbləri fəaliyyət göstərirdi. Digər respublikalarda isə milli kadrlar hazırlamaq üçün məktəblər yox idi. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Lakin yəqin ki, bizim liderimiz öz ölkəsinin müstəqilliyini görürdü və çox gözəl bilirdi ki, müstəqil dövlətin müstəqil ordusu olmalıdır. Bütün bunlar gələcək proseslərə öz ciddi təsirini göstərdi. Bu gün hərbi litsey də, Heydər Əliyevin adını daşıyan ali hərbi məktəb də çox yüksək səviyyədə fəaliyyət göstərirlər. Ali Hərbi Məktəbdə təlim prosesi çox peşəkar şəkildə aparılır və artıq üçüncü buraxılış olacaqdır. Nəticədə bizim ordumuz çox güclü və peşəkar kadrlarla təmin edilir. Bütün bunların əsası 1970-ci illərdə qoyulmuş, son 10 ildə isə Azərbaycanda ordu quruculuğu çox fəal aparılmışdır. 10 il əvvəl ölkədə, demək olar ki, ordu yox idi. Ayrı-ayrı heç kimə tabe olmayan silahlı qruplar mövcud idi. Bu gün isə bizim güclü, nizami, yaxşı təlim görmüş ordumuz vardır. Mən çox şadam ki, Siz də bunu qeyd edirsiniz”.

Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin