Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOGİYAYA DAİR MİLLİ PROQRAMLARIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılmışdır. 

Lakin bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləmişdir. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalmışdır. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə eroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olmuşdur. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurmuşdur. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Qeyd olunan problemlərin sistemli həllini təmin etmək məqsədi ilə qərara alıram:

1.”Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” təsdiq edilsin.

2.”Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” təsdiq edilsin.

3.Bu Sərəncamın 1-ci və 2-ci bəndləri ilə təsdiq edilən Milli Proqramların həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

4.Azərbaycan Respublikasının Nazirlər Kabienti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Proqramların həyata keçirilməsini təmin etsin.

6.Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin