Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Vətəndaşliq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması, bu sahədə vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılmasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinin 2-ci hissəsinin 3-cü bəndində “qaydada” sözündən sonra “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinə aşağıdakı redaksiyada beşinci və altıncı abzaslar əlavə edilsin:

“- həmin Məcəllənin 1.4, 2.3, 9.1, 9.2, 9.4, 9.5, 44.1, 156.1, 159.1, 171, 172.1, 173, 174-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata kecirirlər;

- həmin Məcəllənin 158.2 və 159.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini nigahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirirlər;”, beşinci-yeddinci abzaslar müvafiq olaraq yeddinci-doqquzuncu abzaslar hesab edilsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin