Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DAŞKƏSƏN RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında uğurla həyata keçirilir.

Dövlət Proqramının icrası nəticəsində şəhər və rayonlarda təhsil və səhiyyə sistemi möhkəmləndirilir, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır, iş yerləri açılır, infrastruktur yenidən qurulur və iqtisadiyyatın dinamik inkişafı təmin edilir.

Lakin görülmüş işlərlə yanası, Daşkəsən rayonunun sosial-iqtisadi həyatında həlli vacib olan bir sıra problemlər hələ də qalmaqdadır.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

- bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2006-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin