Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ TƏRƏFİNDƏN VERİLƏN “TORPAQ SAHƏSİNİN PLANI VƏ ÖLÇÜSÜ”NÜN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” (bundan sonra - plan və ölçü) təsvir edilir.
2. Plan və ölçü Azərbaycan Respublikasının dövlət dilində A3 formatlı xüsusi kağızda tərtib edilir. Plan və ölçü ciddi hesabat sənədidir və seriya nömrəsinə malikdir.
3. Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri (nümunə 1) və digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlar) (nümunə 2) üzrə ayrıca tərtib edilir.
4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə aşağıdakılar göstərilir:
4.1. plan və ölçünü verən dövlət orqanının - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı;
4.2. torpaq sahəsinin planı və ölçüsü tərtib olunan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxsin tam adı, hüquqi ünvanı);
4.3. torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri;
4.4. plan və ölçünün Dövlət Torpaq Kadastrı kitabında uçota alındığı nömrə və tarix;
4.5. torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr;
4.6. yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış;
4.7. şərti işarələr (baş plandan çıxarışda və ya rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri);
4.8. Torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı;
4.9. Torpaq sahəsinin qonşu sərhədləri;
4.10. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin möhür yeri, müdirinin soyadı, adı, atasının adı, plan və ölçünü tərtib edən icraçının soyadı, adı, atasının adı.
5. Plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
6. Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə qanunvericilikdə müəyyən edilmiş qaydada dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur və plan və ölçünü verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin