Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR VƏ “MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” VƏ “MƏHKƏMƏ-HÜQUQ ŞURASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2010-CU İL 22 İYUN TARİXLİ 1043-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Aşağıdakı yeni məhkəmələr təşkil edilsin:

1.1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi;

1.2. Lənkəran Ağır Cinayətlər Məhkəməsi – Lənkəran şəhərində;

1.3. Gəncə Ağır Cinayətlər Məhkəməsi – Gəncə şəhərində;

1.4. Şəki Ağır Cinayətlər Məhkəməsi – Şəki şəhərində;

1.5. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi;

1.6. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;

1.7.2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;

1.8. Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi;

1.9. Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi;

1.10. Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsi;

1.11. Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsi.

2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, inzibati-iqtisadi məhkəmələrin və ağır cinayətlər məhkəmələrinin ərazi yurisdiksiyasının müəyyən edilməsinə, habelə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin say tərkibinin artırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikası Prokurorluğuna tövsiyə edilsin ki, yeni məhkəmələrin təşkil edilməsi ilə əlaqədar məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. yeni təşkil edilən məhkəmələrin fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların binalar, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlar ilə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;

4.2. yeni məhkəmələrin təşkil edilməsi ilə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərə alınmasını təmin etsin;

4.3. yeni təşkil edilən məhkəmələrinin hakimləri təyin edilənədək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin və yerli iqtisad məhkəmələrinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;

4.4. iki ay müddətində:

4.4.1. qüvvədə olan qanunvericilik aktlarının “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4.3. öz səlahiyyətləri daxilində “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin