Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu!

İcazə verin, Sizi əlamətdar 80 illik yubileyiniz münasibətilə Gürcüstanın Marneuli rayonu və bütün Borçalı ağsaqqalları adından səmimi qəlbdən təbrik edək. Sizə uzun ömür, xalqımız üçün çox gərəkli əməyinizdə daha böyük müvəffəqiyətlər arzulayaq.

Biz Gürcüstan azərbaycanlıları həmişə Sizinlə olmuş, on illərlə qazanılmış nailiyyətlərinizə ürəkdən sevinmişik. İnanırıq və əminik ki, Sizin müdrik rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası yaxın vaxtlarda öz ərazi bütövlüyünü bərpa edəcək, qonşu dost ölkələrlə birlikdə bölgədə yaratdığınız səmərəli siyasi və iqtisadi şəraitdən, zəngin sərvətlərdən və böyük potensial imkanlardan bəhrələnərək tezliklə dünyanın qabaqcıl dövlətləri sırasına çıxacaqdır.

Sizin qonşu Gürcüstanla qurduğunuz əlaqələr, gürcü və Azərbaycan xalqları arasında yaratdığınız yeni münasibətlər bütün Gürcüstan əhalisinin, o cümlədən burada yaşayan soydaşlarımızın ürəyincədir. Heç bir müxalif qüvvə bu gün Heydər Əliyevin yürütdüyü siyasətə, dünya və qonşu ölkələrlə qurduğu dövlətlərarası qarşılıqlı dostluq əlaqələrinə mane ola bilməz və Heydər Əliyev işığının üzərinə kölgə sala bilməz. Sizin azərbaycançılıq prinsipləriniz və Azərbaycandan kənarda yaşayan soydaşlarımıza qayğı və diqqətiniz yüksək qiymətə layiqdir. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bunu hər gün hiss edirik.

Bu ali amallar yolunda Sizə Ulu Tanrıdan kömək diləyirik!

Dərin hörmətlə,

Marneuli rayon Ağsaqqallar Şurası adından

Kamil Məmmədov

Şuranın sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin