RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ALBANİYA RESPUBLİKASININ PREZİDENTİ DOKTOR SALİ BERİŞA İLƏ GÖRÜŞMÜŞDÜR
Doktor Berişa keçən ilin dekabrında Budapeşt zirvə toplantısı zamanı Prezident Heydər Əliyev ilə görüşünü məmnuniyyətlə xatırladığını və yenidən görüşüb fikir mübadiləsi aparmaq imkanına malik olmasından razı qaldığını bildirdi. O qeyd etdi ki, Albaniya kiçik dövlət olsa da, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni həmişə dəstəkləyəcəkdir. Prezident Berişa Albaniya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinin hər iki dövlətin xalqlarının mənafeyinə tam uyğun gəldiyini vurğuladı və iqtisadi-ticarət əlaqələrimizin daha da genişləndirilməsinə ehtiyac duyulduğunu qeyd etdi.
Doktor Berişa Budapeşt zirvə toplantısından sonra Ermənistan-Azərbaycan müharibəsində nə kimi dəyişikliklər olması ilə maraqlandı.
Azərbaycan Prezidenti Heydər Əliyev Budapeşt görüşündə ölkəmiz üçün çox mühüm qətnamənin qəbul olunmasında tutduğu prinsipial və obyektiv mövqeyə görə Albaniya Prezidentinə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, on aydır Ermənistan ilə Azərbaycan arasında atəşkəs rejimi hökm sürür. Azərbaycan bu atəşkəsdən istifadə edərək, böyük sülh sazişi imzalanmasına nail olmaq istəyir. Ölkəmiz “nə sülh, nə müharibə” prinsipi ilə barışa bilməz. Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycan tam konstruktiv mövqedən çıxış edir. Ermənistan Respublikası isə işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək istəmir. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistan Respublikasına təzyiqi artırmalı və ondan BMT-nin qətnamələrini yerinə yetirməyi tələb etməlidir.
Prezident Heydər Əliyev Albaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin mühümlüyünü də vurğulayaraq, bunun üçün yaxşı zəmin olduğunu bildirdi.