Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri!

Bu gün Azərbaycanda hamımız üçün olduqca əhəmiyyətli bir gündür. Mən bp şirkəti və tərəfdaşlarımız adından Sizi və bütün Azərbaycan neftçilərini ölkənin əlamətdar bayramı – “Neftçilər Günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək sentyabr ayının 18-də Türkiyə, Gürcüstan prezidentləri və Amerika Birləşmiş Ştatlarının enerji katibi ilə bərabər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsinin 2-ci Fazasına sanksiya verilməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri tikintisinin başlanmasına həsr olunmuş mərasimdə iştirak etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımızı bildirmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyədə göstərdiyimiz birgə fəaliyyət tarixindəki həlledici dönüş mərhələsini qeyd etmək üçün toplaşdığımız həmin mərasimdə Sizinlə birlikdə olmaqdan şərəf duyduq.

Bu gün bayram etdimiyiz nailiyyətləri mümkün etmiş bir çox qrup və şəxslərə, səhmdarlarımıza ehtiram və təşəkkürlərimizi bildirmək də yerinə düşərdi. Bu sıraya Azərbaycan, Gürcüstan, Türkiyə xalqları və hökumətləri, ABŞ və Avropa hökumətləri, yerli ictimaiyyət, bizim çoxsaylı podratçılarımız və bu işlərdə tərəfdaşlarımız olan xarici neft şirkətləri daxildir.

Cənab Prezident, mən xüsusi olaraq, şəxsən Sizə təşəkkür etmək istərdim. Siz Azərbaycanın böyük enerji ehtiyatlarının işlənilməsində bəsirətli bir siyasət, yorulmaz səylər nümayiş etdirmiş, bu bölgədə sülhün, sabitliyin təmin olunmasında qətiyyət göstərmisiniz.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı yeni enerji dəhlizi uğrunda çalışdığınız zaman nümayiş etdirdiyiniz uzaqgörən rəhbər mövqeyinizi çox yüksək qiymətləndirir və inanırıq ki, bu yeni enerji dəhlizi qarşıdan gələn illərdə Azərbaycan, onun xalqı və tərəfdaşları üçün nəhəng imkanlar açacaq.

Bu tarixi gündə, “Əsrin müqaviləsi” imzalandıqdan səkkiz il keçdikdən sonra iftixar hissi ilə deyə bilərik ki, o vaxt arzuladığımız dünya səviyyəli layihələr bu gün gerçəkliyə çevrilməkdədir. Neftçilərin peşə bayramı günündə mən ARDNŞ-nin idarə heyətinin, Sizin əməkdaşlarınızın, eləcə də Azərbaycanda işlərimizə dəstək vermiş çoxsaylı texniki mütəxəssislərin və alimlərin əməyini də xüsusilə qiymətləndirmək istərdim.

Bakı-Tbilisi-Ceyhan boru kəməri və AÇG Faza- 2 layihələrinə tam həcmdə sanksiya verdikdən sonra biz hazırda Azərbaycanın neft-qaz ehtiyatlarının böyük potensialını gerçəkləşdirmək yoluna qədəm qoymuşuq. Biz “Şahdəniz” layihəsinin də potensialına möhkəm inanır, Azərbaycanda digər layihələrimizlə bağlı kəşfiyyat və hasilat işlərini davam etdirəcəyimizi səbirsizliklə gözləyirik.

Biz yaxın əməkdaşlıq ruhunun yaşantıları ilə irəlilədikcə bp şirkəti və onun tərəfdaşları, səhmdarları və Azərbaycandakı dostları nəhəng işlərimizin növbəti mərhələsinə möhkəm inam bəsləyirlər.

Bu inamın ən mühüm bir hissəsi, cənab Prezident, Sizin daim göstərdiyiniz qətiyyətlə bağlıdır. O qətiyyətlə ki, Siz bunu xalqınızın, ölkənizin və bütövlükdə bölgənin daha böyük miqyasda çiçəklənməsi və rifahı naminə durmadan nümayiş etdirirsiniz.

Cənab Prezident, mərasimdəki nitqinizdə bu gün qeyd etdiyimiz uğurun qazanılmasında bp şirkətinin fəaliyyətinə və mənim əməyimə verdiyiniz qiymətə görə Sizə şəxsən özümün səmimi təşəkkürlərimi bildirirəm. Sizi əmin edirəm ki, təmsil etdiyim şirkət və mən büdcə və cədvəl tələbləri çərçivəsində bu əsas layihələri həyata keçirmək və Azərbaycanda irəliyə doğru aparan real bir qüvvəyə çevrilməkdən ötrü əlimizdən gələn hər bir səyi edəcəyik. Azərbaycanda məqsədimiz ölkəniz və xalqınızın işıqlı gələcəyi və rifahı naminə işləri həyata keçirməkdir.

Və nəhayət, cənab Prezident, mən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə ən böyük uğurlar arzulayıram. bp şirkəti haqqında danışarkən bp-nin Prezidenti Lord Con Braun belə bir ifadə işlətməyi xoşlayır: “İşlərin ən yaxşısı hələ qarşıdadır”. Mən də davam edən sıx əməkdaşlığımıza əsaslanaraq inanıram ki, bu deyimin Azərbaycana xüsusi aidiyyatı var və bizə birlikdə qeyd ediləsi hələ daha neçə xoş mərasimlər nəsib olacaq.

Dərin hörmətlə,

Deyvid Vudvord

bp Azərbaycan şirkətinin prezidenti

Bakı şəhəri, 20 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin