Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Məni Azərbaycan Respublikasının yüksək mükafata– “Şöhrət” ordeni ilə təltif etməyinizə görə Zati-alilərinizə dərin təşəkkür edir, elmi fəaliyyətimə böyük qiymət verdiyiniz üçün Sizə səmimi minnətdarlığımı bildirirəm.

Mənim uzun illər fəaliyyətimin əsas qayəsi xalqımızın mənəvi köklərinin qorunub saxlanmasına, şərqşünaslıq və ilahiyyət elmlərinin inkişafına xidmət etməkdən ibarət olmuşdur.

Allahdan çox razıyam ki, bu gün Azərbaycanımızda cəmiyyətimizin mənəvi durumu, çoxəsrlik milli, əxlaqi dəyərlərinin intibahı, elmin inkişafı üçün münbit zəmin yaranmışdır.

Hamıya bəllidir ki, məhz Zati-alilərinizin sayəsində milli mentalitetin, mənəvi dəyərlərin, zəngin adət-ənənələrin qorunması, əxlaqi prinsiplərə riayət baxımından dövlətimiz dünyada ön sıralardan birindədir. Məhz Sizin sayənizdə Azərbaycanda islam tərəqqi tapmış, xalqın müqəddəs ziyarətgahları və ibadət azadlığı özünə qaytarılmışdır.

Sizin “Təzəpir” məscidində etdiyiniz tarixi çıxış yaxşı xatirimdədir. Siz orada çox düzgün olaraq dediniz: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daima xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir”.

Mənim hazırda çalışdığım Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsi və Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası məhz bu amalları əsas tutaraq geniş fəaliyyət göstərir. Biz daim çalışırıq ki, İslam dini müstəqil Azərbaycan dövlətinin həyatında öz layiqli yerini tutsun, cəmiyyətin mənəvi dirçəlişinə, xalqımızın ülvi niyyətlərinin gerçəkləşməsinə xidmət etmiş olsun.

Təltifatımı, bu sahədə görülən işlərə, bütövlükdə Azərbaycan şərqşünaslığının nailiyyətlərinə verilmiş yüksək qiymət kimi dəyərləndirirəm. Heç şübhəsiz ki, bu diqqətiniz, bu qayğınız bizi daha uca zirvələrə ruhlandırır.

Möhtərəm cənab Prezident, Sizə bir daha öz dərin ehtiramımı və minnətdarlığımı bildirir, Zati-alilərinizə Azərbaycan xalqı naminə göstərdiyiniz əvəzolunmaz fəaliyyətdə böyük uğurlar arzulayıram.

Allah köməyiniz olsun!

Dərin hörmət və ehtiramla,

Vasim Məmmədəliyev

Azərbaycan Milli EA-nın müxbir üzvü,

BDU-nun ilahiyyat fakultəsinin dekanı,

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini

Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin