Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı kimi Sizin tarixi reallığı bərpa edən 17 iyul 1998-ci il tarixli Sərəncamınıza müvafiq olaraq, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün çox böyük əhəmiyyət kəsb edən əlamətdar hadisədir.

Azərbaycanın dövlətçiliik ənənələri ilə zəngin olan tarixi keçmişinə və milli dəyərlərinə dərin hörmətin təzahürü olan bu Sərəncamınızla respublikanın hüquq mühafizə orqanları arasında xüsusi yeri olan prokurorluq orqanlarına dövlət qayğısı ifadə olunmuş, müstəqil və demokratik inkişaf yolu seçmiş cəmiyyətimizdə prokurorluğun yeri və roluna münasibət bildirilmişdir.

Prokurorluq işçilərinin peşə bayramının ilk dəfə qeyd edildiyi 1998-ci il noyabr ayının 28-də Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Sizin iştirakınızı və fəaliyyətimiz üçün uzunmüddətli proqram xarakteri daşıyan dərin məzmunlu geniş nitqinizi hər bir prokurorluq əməkdaşı bu gün də qürur hissi ilə xatırlayır.

Cənab Prezident!

Sizin müdrik rəhbərliyiniz altında son illər ərzində həyata keçirilmiş uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiliyi, dönməzliyi və sarsılmazlığı üçün bütün əsaslar yaradılmış, respublikamızda dönməz ictimai-siyasi sabitlik yaradılmaqla vətəndaş cəmiyyətinin formalaşdırılması və qanunun aliliyini təmin edə biləcək demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu istiqamətində mütərəqqi islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi üçün real təminatlar yaradılmışdır.

Bu günlərdə Sizin təşəbbüsünüzlə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması Azərbaycanı nəinki regionun, hətta bütün dünyanın enerji təhlükəsizliyi sistemində mühüm ölkəyə çevirən uğurlu neft strategiyasının həyata keçirilməsi, ölkəmizin dövlət müstəqilliyinin iqtisadi bazasının inkişafı yolunda atılmış mühüm addım kimi xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.

Azərbaycan gənclərinin lideri olan Milli Məclisin deputatı cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Parlament nümayəndə heyətinin uğurlu fəaliyyəti nəticəsində Avropa Şurasının Parlament Assambleyasının Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi faktını tanıması Azərbaycan diplomatiyasının daha bir qələbəsi kimi çox sevindiricidir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının demokratik məzmunda tamamilə yenidən formalaşdırılması, onun statusu, cəmiyyətdə rolu və yerini müəyyənləşdirən və beynəlxalq standartların tələblərinə tam cavab verən qanunvericilik bazasının yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının rəhbəri kimi məhz Sizin gərgin və məqsədyönlü fəaliyyətiniz nəticəsində mümkün olmuşdur. Məhz bu dövrdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında milli prokurorluğun təşkili və fəaliyyəti prinsiplərini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, mütərəqqi dünya standartlarına uyğun olaraq hazırlanmış “Prokurorluq haqqında” Qanun qəbul edilmişdir.

Cənab Prezident!

2000-ci il aprel ayının 26-da Respublika Prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirilən görüşdə Sizin Azərbaycan Respublikası Prokurorluğunda yaranmış böhranlı vəziyyətin hərtərəfli təhlilinə və mövcud vəziyyətdən çıxış yollarını müəyyənləşdirən rəhbər göstəriş və tövsiyələrinizə müvafiq olaraq, həyata keçirilmiş islahatlar və struktur dəyişiklikləri nəticəsində prokurorluğun fəaliyyəti tamamilə demokratik dünya standartlarına uyğunlaşdırılmış, prokurorluq respublikanın digər hüquq-mühafizə orqanları ilə yeni müstəvidə qurulmuş qarşılıqlı surətdə əlaqəli şəkildə fəaliyyət göstərən, dövlətçiliyimizin əsaslarının, insan hüquq və azadlıqlarının müdafiəsinə, cinayətkarlıqla mübarizə işinə xidmət edən sivil bir dövlət orqanına çevrilmişdir.

Sizin təşəbbüsünüzlə ümumxalq səsverməsinə çıxarılmış və 24 avqust 2002-ci il tarixli referendumda xalqın mütləq əksəriyyəti tərəfindən bəyənilmiş “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum aktına müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi əməkdaşlarımız tərəfindən prokurorluğun hüquqi statusunun artırılması yolunda mühüm bir addım kimi yüksək qiymətləndirilmişdir.

Bu il may ayının 17-də Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvlərini qəbul edərkən Prokurorluq orqanlarında həyata keçirilmiş islahatlara verdiyiniz müsbət qiymətin, Sizin və Azərbaycan dövlətinin prokurorluğa göstərdiyiniz etimadın məsuliyyətini hər bir prokurorluq əməkdaşı dərindən dərk edir.

Cənab Prezident!

Prokurorluq orqanlarında həyata keçirilən bütün tədbirlər, islahat və struktur dəyişiklikləri, kadr korpusunun sağlamlaşdırılması istiqamətində görülən işlər Sizin və Azərbaycan xalqının etimadına layiq olan sivil bir prokurorluğun formalaşdırılması məqsədlərinə yönəldilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi adından Sizi əmin edirəm ki, fəaliyyətimizdə mövcud olan nöqsanların aradan qaldırılması, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının real təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bundan sonra da zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Hörmətlə,

Yığıncaq iştirakçıları adından

Zakir Qaralov

Müraciət 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş prokurorluqda keçirilmiş yığıncaqda qəbul edilmişdir.

Bakı şəhəri, 1 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin