Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

İcazə verin, bu məktubumla Sizi ad gününüz – şanlı yubileyiniz münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) bütün professor-müəllim heyəti, tələbə və əməkdaşları adından ürəkdən təbrik edim.

Cənab Prezident, Siz Azərbaycanın, elə bir ölkənin rəhbərisiniz ki, onunla Rusiyanı dostluq, ən müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin və əlaqələrin bütöv bir dövrü bağlayır. Dövlətlərimiz arasında münasibətlərin ən yeni tarixinin bir çox dramatik məqamları ölkələrimizin dostluğuna xələl gətirə bilməmişdir və bu, Azərbaycan xalqının tanınmış lideri kimi Sizin xidmətinizdir. Məhz Sizin siyasətçi, dövlət xadimi istedadınız, şəxsi keyfiyyətləriniz, iradəniz indiki nəslin bəxtinə düşmüş bir sıra sınaqlardan uğurla çıxmağa, rəhbərlik etdiyiniz ölkənin dövlətçiliyini möhkəmləndirməyə, Azərbaycanın yüksək beynəlxalq nüfuz qazanmasına nail olmağa imkan vermişdir.

1992-ci ildə Rusiya ilə müstəqil Azərbaycan arasında diplomatik əlaqələr qurulduğu gündən Siz hərtərəfli münasibətlərimizin inkişafına daim diqqət yetirirsiniz. İndi bu münasibətlər tam dinamikdir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət praktikası ilə zənginləşir. Ölkənizin iqtisadiyyatına, elm və mədəniyyətinə Sizin necə böyük və daimi diqqət yetirdiyiniz yaxşı məlumdur. Ayrıca qeyd etmək istərdim, fəxr edirik ki, Rusiya ali məktəblərinin, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun - Universitetinin minlərlə məzunu hazırda Azərbaycanın həyatının müxtəlif sahələrində çalışır, onların bir çoxu isə dövlət qulluğunda, iqtisadiyyat, ali təhsil sahəsində yüksək vəzifələr tutur. Bizə xoşdur ki, bu gün də MDBMİ-də Azərbaycandan onlarca tələbə oxuyur. Əminəm ki, onlar yaxşı mütəxəssis olacaqlar.

Biz məmnunluqla qeyd edirik ki, Rusiyada və Azərbaycanda xalqlarımızın elmi nailiyyətlərinin və mədəniyyətlərinin, dil və ədəbiyyatlarının öyrənilməsinə qarşılıqlı maraq davam edir və artır. Möhtərəm cənab Prezident, Sizin bunda da şəxsi xidmətiniz var. Elm və mədəniyyətin inkişafında, biliyin yayılmasında Sizin rolunuz Şərqin belə bir müdrik kəlamına tam uyğundur: “Qəlbləri bilik və mədəniyyətdən məhrum etmək xəstəni müalicə və həkimdən məhrum etmək deməkdir”.

Cənab Prezident, biz yaxşı bilirik ki, Siz Azərbaycanın Rusiya ilə siyasi, ticarət-iqtisadi və mədəni-elmi münasibətlərinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə tərəfdarsınız. MDBMİ(U)-nun Elmi Şurası ölkələrimiz arasında münasibətlərin inkişafına, dövlətlər arasında beynəlxalq münasibətlərin inkişafına, müxtəlif ölkələr və xalqlar arasında sülhün möhkəmlənməsi və qarşılıqlı anlaşmanın dərinləşməsi işinə, mədəniyyət və təhsilin inkişafına töhfənizi yüksək qiymətləndirərək, Sizə MDBMİ(U)-nun Fəxri doktoru adını vermişdir.

Cənab Prezident, icazə verin, bu təbrikdə Sizə bəslədiyimiz ümumi hörmət və ehtiram hisslərini ifadə edim, Universitetimizin professoru L.D.Qradobitovanın çəkdiyi rəsm əsərini Sizə çatdırım və təntənəli yubiley günündə Sizə və bütün Azərbaycan xalqına tərəqqi və səadət arzulayım.

A.Torkunov

Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq

Münasibətlər İnstitutunun (Universitetinin)

rektoru, fövqəladə və səlahiyyətli səfir, siyasi

elmlər doktoru, professor

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin