Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi – xalqımızın ümummilli liderini, zəmanəmizin görkəmli siyasi və dövlət xadimini 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və 2003-cü ilin başlanması münasibətilə səmimi qəlbdən təbrik edirik!

31 dekabr dünyanın ən müxtəlif bölgələrində yaşayan söydaşlarımızın milli-mənəvi bütövlüyünün təcəssümü – bütün dünya azərbaycanlılarının birlik və həmrəylik günüdür. Bu günün dövlət səviyyəsində qeyd olunması məhz Sizin adınızla bağlıdır. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyiniz dövrdə Sizin təşəbbüsünüzlə bu barədə qəbul olunmuş tarixi qərar xalqımızın milli mənlik şüurunun inkişafına böyük təsir göstərmişdir.

Əziz Prezident!

Siz həmişə Vətəni, xalqı düşünmüsünüz. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqillik yolunda inamla addımlamasında Sizin əvəzsiz xidmətləriniz vardır. Respublikaya ilk dəfə rəhbərlik etdiyiniz 1969-1982-ci illərdə bütün çətinliklərə baxmayaraq, Siz əsl vətəndaş hünəri nümayiş etdirərək, özünüzə məxsus qətiyyətlə, uzaqgörənliklə Azərbaycanımızın bugünkü müstəqilliyinin təməlini qoymusunuz. Xalqımızın tarixinə siyasi, iqtisadi, mənəvi yüksəliş dövrü kimi daxil olmuş həmin illər milli yaddaşımızda silinməz iz salmışdır. 1993-cü ildə müstəqil dövlətimizin məhv olmaq təhlükəsi qarşısında qaldığı bir vaxtda Sizin hakimiyyətə tarixi qayıdışınızla Azərbaycan onu gözləyən müdhiş fəlakətlərdən qurtuldu. Sizin rəhbərliyinizlə xalqımız bütün çətinlikləri dəf edərək, azad və müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Tarixən çox qısa bir zamanda Azərbaycanda siyasi, iqtisadi, sosial və mədəni inkişafın yeni mərhələsinin möhkəm təməli qoyuldu. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda əməli addımlar atıldı, cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparıldı.

Bu gün beynəlxalq birliyin layiqli üzvü kimi müstəqillik yolunda inamla addımlayan Azərbaycan bütöv bir bölgənin iqtisadi tərəqqisinə təkan verə biləcək qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına çevrilmişdir. Bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası kimi mötəbər qurumun üzvü olan Azərbaycan dünyanın, demək olar, bütün dövlətləri ilə sıx əlaqələr qurmuşdur. Bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında təqdirəlayiq fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident!

Bütün dünya azərbaycanlıları onların ümid yeri, ata-baba yurdu olan tarixi Vətənlərində baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, gənc dövlətimizin müstəqillik yolunda inamla addımlamasından böyük qürur duyurlar. Ötən dövrdə Sizin təşəbbüsünüzlə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı müstəqil dövlətimizin həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində Azərbaycan diasporunun iştirakının təmin edilməsi və onun azərbaycançılıq ideyaları ətrafında mütəşəkkil bir qüvvəyə çevrilməsi yolunda mühüm addım olmuşdur. Öz ümummilli liderinə tükənməz məhəbbət bəsləyən xalqımız, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız əmindirlər ki, üzümüzə gələn ildə Azərbaycan Heydər Əliyev dühasının köməyi ilə daha yüksək zirvələr fəth edərək, öz tarixinin yeni parlaq səhifələrini yazacaqdır.

Əziz Prezident!

Sizi – Azərbaycan dövlətçiliyinin memarını və qurucusunu Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın xoşbəxtliyi və dövlətimizin tərəqqisi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycanın qanunvericilik orqanı həyata keçirdiyiniz müdrik siyasəti bundan sonra da fəal surətdə dəstəkləyəcək, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının

Milli Məclisi

Bakı şəhəri, 27 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin