Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİYEVƏ

Cənab Azərbaycan Respublikasının Prezidenti,

Cənab prezidentlər,

Cənab nazirlər və ali təmsilçilər,

Xanımlar və cənablar,

Bu məktubumla mən sizin hamınıza Azərbaycanın inkişafına və onun qonşu və dost dövlətlərlə - Gürcüstan və Türkiyə ilə əlaqələrinin möhkəmlənməsinə Fransanın göstərdiyi diqqəti nümayiş etdirmək istəyirəm.

Bu gün, 2002-ci il sentyabrın 18-də, ABƏŞ Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi tarixi layihənin təməlinin qoyulduğunu və eləcə də AÇG adını almış “Azəri-Çıraq-Günəşli” dəniş yataqlarının istismarının Faza-2 mərhələsinin başlandığını elan edəcəkdir.

Bu hadisə Prezident Heydər Əliyevin uzun illərdən bəri həyata keçirdiyi səylərin nəticəsidir və Fransa onu ilk gündən tamamilə dəstəkləmişdir. Toplaşdığımız bu yerin bir neçə kilometrliyində yerləşən “Şelflayihətikinti” İstehsalat Birliyi 20 il bundan əvvəl məhz bir fransız şirkətinin iştirakı ilə yaradılmışdır.

Bugünkü mərasim xarici sərmayələri cəlb etmək yolunu tutmuş Azərbaycanın inkişaf strategiyasının nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.

Səkkiz ildən bəri Azərbaycanın nümunəvi tərəfdaşı olan ABƏŞ-in əməyi burada xüsusi qeyd olunmalıdır. O, bu gün bünövrəsi qoyulan və ölkənin yüksək iqtisadi göstəricilərinin daha da gücləndirilməsinə xidmət edəcək enerji sektorunun inkişaf layihələrinin mühərrikidir.

Fransa “Buyq Ofşor”, “Eyfel”, “Antröpoz”, “Spi-Kapaq”, “Öpek”, “Teknip-Kofleksip” kimi nüfuzlu şirkətlərinin bu layihələrdə iştirak etməsindən iftixar hissi keçirir. Fransa əmindir ki, onun şirkətləri Azərbaycana və tərəfdaşı olduğu Azərbaycan şirkətlərinə gələcək layihələrin həyata keçirilməsində daha çox fayda verə biləcəkdir. Bu baxımdan o, artıq “Şahdəniz” və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə qoşulmuş TotalFinaElf şirkətinin Bakı-Tbilisi-Ceyhan konsorsiumuna daxil olmasını məmnunluq hissi ilə qeyd edir.

Yohannesburq şəhərində davamlı inkişafa həsr edilmiş beynəlxalq sammitdə mən ətraf mühitin qorunmasında bizim hamımızın kollektiv məsuliyyətimizi təkidlə vurğuladım. Azərbaycan, Gürcüstan və Türkiyə, eləcə də bp şirkəti bu işlərin ekoloji cəhətdən məsuliyyətlə həyata keçirəcəkləri barədə öz iradələrini aydın şəkildə ifadə etmişlər. Biz sizinlə bu yolu seçmişik və bu sahədə fransızların peşəkarlığına etibar edə bilərsiniz.

Nəhayət, icazə verin ölkənin neft və qaz kimi sərvətlərindən əldə edilən gəlirlərin səmərəli idarə olunmasına şərait yaradan Neft Fondunun təsis olunmasını alqışlayım. Bu, Azərbaycan xalqına yalnız xeyir gətirə biləcək uğurlu bir təşəbbüsdür.

Cənab Azərbaycan Respublikasının Prezidenti, cənab Gürcüstan və cənab Türkiyə prezidentləri, qoy bu gün açılışında iştirak etdiyimiz layihələr ölkələrinizin inkişafına və hər üç ölkə ilə Fransa arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etsin.

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 17 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin