Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi yaradılsın.

5. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun strukturuna daxil olan dövlət orqanlarının işçilərinin say həddi 726 ştat vahidi, o cümlədən Dövlət Komitəsi aparatı işçilərinin say həddi 260 ştat vahidi, ərazi şöbələrinin işçilərinin say həddi 315 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 71 ştat vahidi müəyyən edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1. on gün müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və onun strukturuna daxil olan qurumların cari il üçün maliyyə təminatı ilə bağlı məsələlərini həll etsin;

7.2. bir ay müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təkliflərini nəzərə almaqla Komitənin tabeliyində olan qurumların fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.3. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması və dövlət əmlakının idarə edilməsi, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.4. bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, Komitənin tabeliyində hüquqi şəxs statuslu Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzini, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzini təsis etsin və nizamnamələrini təsdiq etsin.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində yaradılacaq Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin dövlət qeydiyyatına alınmasını təmin etsin.

10. Qanunvericiliyə uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına tapşırılsın ki, onlarda olan kadastr məlumatlarını hər rüb Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsinlər.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, daşınmaz əmlakın vahid kadastrının müvafiq məlumatlarını hər rüb qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına təqdim etsin.

12. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718; 2006-cı il, № 1, maddə 11, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) 1-ci, 6-cı və 7-ci bəndləri və “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1008; 2006-cı il, № 2, maddə 88; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin