Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2006-CI İL BÜDCƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Əlillərin, ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını bir ay müddətində təsdiq etsin və onların Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, habelə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul edilmiş tədbirlər planları ilə uzlaşdırılmasını təmin etsin;

1.2. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu:

2.1. Fondun 2006-cı il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

2.2. 2006-cı il yanvarın 1-dən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sığortaolunanlar barədə məlumatların uçotunun təşkilini və aparılmasını təmin etsin;

2.3. Ölkədə fərdi uçota əsaslanan pensiya təminatı sisteminə keçidlə bağlı əhali arasında təbliğat və maarifləndirmə işlərini gücləndirsin.

3. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində vaxtı keçmiş borcları olan dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, həmin borcların 2006-2008-ci illər ərzində mərhələlərlə qaytarılmasını təmin etmək məqsədi ilə bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə müvafiq müqavilələr bağlasınlar və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət müəssisə və təşkilatları ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış müqavilələrin vaxtında yerinə yetirilməsinə nəzarət etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, büdcə təşkilatlarının əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarının ödənilməsini təmin etmək məqsədi ilə bu borcları həmin təşkilatlar üzrə xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsın.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, müəssisə və təşkilatların, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə lazımi tədbirlər həyata keçirsinlər.

6. Bu Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin