Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI MALIYYƏ NAZIRLIYININ DÖVLƏT SIĞORTA NƏZARƏTI XIDMƏTI HAQQINDA ƏSASNAMƏ

Əlavə VI

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli Fərmanı ilə təsdiq

edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (bundan sonra – Xidmət, qısaldılmış adı «Azsığortanəzarət») Azərbaycan Respublikasında sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini və nəzarətini, sığortalıların, sığortaçıların və sığorta bazarının digər peşəkar iştirakçılarının, habelə bu sahədə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

II. Xidmətin fəaliyyət istiqamətləri

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasında sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, həmçinin sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir;

7.2. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların və beynəlxalq təcrübənin Azərbaycan Respublikasının sığorta bazarında tətbiqi üçün müvafiq tədbirlər həyata keçirir;

7.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Xidmətin vəzifələri

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığorta bazarının bütün peşəkar iştirakçılarının fəaliyyəti üzərində qanunvericiliyə uyğun olaraq nəzarəti həyata keçirmək;

8.2. sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə lisenziya verilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

8.3. sığorta növlərinin aparılmasına icazə və könüllü sığortaların aparılması üzrə sığortaçılar tərəfindən hazırlanmış sığorta qaydalarının tətbiqinə razılıq vermək;

8.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış iş planına əsasən və qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində səyyar yoxlamalar aparmaq;

8.5. qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətini yoxlamaq;

8.6. Xidmətin işçiləri tərəfindən aparılan yoxlamalar zamanı cinayət xarakterli faktlar aşkar edildikdə sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsini təmin etmək;

8.7. yoxlamaların nəticələrinin müzakirə edilməsini və rəsmiləşdirilməsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

8.8. sığortaçılar və sığorta vasitəçiləri tərəfindən təqdim olunan müvafiq hesabatların siyahısını, formalarını və təqdim olunması müddətlərini müəyyənləşdirmək, belə hesabatları almaq və təhlil etmək;

8.9. sığortaçıların və təkrarsığotaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə, o cümlədən onların qanunvericiliklə müəyyən edilmiş normativlərə əməl etmələrinə nəzarət etmək;

8.10. sığortaçıların və müvafiq sığorta vasitəçilərinin rəhbər işçilərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət etmək;

8.11. sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

8.12. sığortaçıların və təkrarsığortaçıların əlaqəli şəxsləri ilə münasibətlərində qanunvericiliyin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirmək;

8.13. sığorta sahəsində çirkli pulların yuyulmasının və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

8.14. sığorta sahəsində fəaliyyət göstərən müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi üzərində nəzarəti həyata keçirmək;

8.15. sığorta və ya təkrarsığorta müqavilələri portfelinin digər sığortaçıya və ya təkrarsığortaçıya ötürülməsinə razılıq vermək;

8.16. sığortaçıların Azərbaycan Respublikasının hüdudlarından kənarda filiallarının və nümayəndəliklərinin açılmasına razılıq vermək;

8.17. lisenziyası ləğv edilmiş və ya lisenziyasının qüvvəsi dayandırılmış sığorta bazarının peşəkar iştirakçılarının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;

8.18. ləğv edilən sığortaçıların ləğvetmə komissiyalarının fəaliyyətinə nəzarəti həyata keçirmək və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək;

8.19. vətəndaşların, müəssisə, idarə və təşkilatların sığorta məsələlərinə aid olan ərizə, şikayət və təkliflərinin həlli üçün səlahiyyətləri daxilində araşdırmalar aparmaq və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək;

8.20. sığortaçıların, təkrarsığortaçıların, sığorta brokerlərinin, sığorta agentlərinin, eləcə də müvafiq xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparmaq;

8.21. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati xəta haqqında iş üzrə qərarın icrasına nəzarət etmək;

8.22. öz fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə illik hesabatlar vermək;

8.23. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.24. öz fəaliyyətini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin digər struktur bölmələri, Azərbaycan Respublikasının sığorta bazarının peşəkar iştirakçılarının assosiasiyaları və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası ilə əlaqələndirmək;

8.25. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

8.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Xidmətin hüquqları

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. sığorta bazarının peşəkar iştirakçılarından hesabatlar və sığorta statistikasına dair lazım olan məlumatlar almaq;

9.2. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq dövlət orqanlarından, kommersiya və qeyri-kommersiya təşkilatlarndan, onların vəzifəli şəxslərindən özünün tənzimləmə və nəzarət vəzifələrini həyata keçirmək üçün lazım olan məlumatlar, zəruri hallarda arayış və izahatlar almaq;

9.3. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin səyyar yoxlanılmasını aparmaq, belə yoxlamaların təyin edilməsi, müddəti, istiqamətləri və vaxtının uzadılması barədə qərarlar qəbul etmək;

9.4. araşdırma və yoxlamalar zamanı zəruriyyət yarandıqda hüquq-mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

9.5. qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sığortaçılara və sığorta brokerlərinə icrası məcburi olan təqdimatlar vermək, onlara verilmiş lisenziyanın qüvvəsinin dayandırılması və ya məhdudlaşdırılması, lisenziyanın qüvvəsinin bərpa edilməsi, məhdudlaşdırılmasının aradan qaldırılması və ləğv edilməsi haqqında qərarların qəbul edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

9.6. sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın ləğv edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.7. qanunvericilikdə nəzərdə tutulmuş hallarda sığorta ödənişinin sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan sərəncam vermək;

9.8. fəaliyyətlərinin inkişaf etmiş beynəlxalq təcrübəyə uyğunlaşdırılması barədə sığorta bazarının peşəkar iştirakçılarına tövsiyələr vermək;

9.9. lisenziyası ləğv edilmiş sığortaçıların Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulan əsaslarla məcburi qaydada ləğv edilməsi haqqında müvafiq tədbir görmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.10. Azərbaycan Respublikasının maliyyə bazarının subyektlərinə nəzarəti həyata keçirən digər dövlət orqanları ilə əməkdaşlıq etmək və lazımi məlumat mübadiləsi həyata keçirmək;

9.11. digər ölkələrin sığorta nəzarəti orqanları ilə və beynəlxalq təşkilatlarla sığorta sektorunda tənzimləmə və nəzarət məsələləri sahəsində əlaqələrdə iştirak etmək;

9.12. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək;

9.13. sığorta ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;

9.14. sığorta işinin öyrənilməsi, sığorta ilə bağlı inkişaf etmiş beynəlxalq təcrübənin, o cümlədən beynəlxalq standartların mənimsənilməsi məqsədilə təlim kursları, seminarlar, konfranslar və digər bu kimi tədbirlər təşkil etmək;

9.15. sığorta qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlamaq;

9.16. sığorta ilə bağlı normativ hüquqi aktların layihələrinə rəy bildirmək;

9.17. sığortaçılar tərəfindən fiziki şəxslərə təqdim olunan sığorta növləri üzrə müvafiq sığorta qaydalarını hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.18. Azərbaycan Respublikasında sığorta işinin inkişafı və vəziyyətinə dair maarifləndirmə işləri aparmaq, bu məqsədlə analitik və elmi-kütləvi informasiya və digər təbliğat vasitələrindən istifadə etmək, çap məhsullarının nəşr edilməsini təmin etmək;

9.19. qanunvericiliklə müəyyən olunmuş qaydada xarici və yerli mütəxəssisləri, ekspertləri, məsləhətçiləri, tərcüməçiləri öz fəaliyyətinə cəlb etmək;

9.20. sığorta bazarının konyunkturasını və sığorta ilə bağlı ictimai düşüncəni qiymətləndirmək üçün sığortaçılar və onların assosiasiyaları ilə birlikdə idarə, müəssisə və təşkilatlarda, habelə vətəndaşlar arasında vaxtaşırı sosioloji rəy sorğuları keçirmək;

9.21. müəyyən olunmuş qaydada səlahiyyətinə aid olan məsələlər üzrə xarici ölkələrlə və beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın perspektiv inkişaf planlarının və dövlətlərarası müqavilə layihələrinin hazırlanmasında iştirak etmək;

9.22. səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə iclaslar və müşavirələr keçirmək;

9.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Xidmətin fəaliyyətinin təşkili

10. Xidmətə Azərbaycan Respublikasınin maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmət rəisinin müavinləri və struktur bölmə rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitin və büdcədənkənar xüsusi vəsaitlərin istifadəsinə sərəncam verir;

13.5. səyyar yoxlamaların aparılması barədə iş planını Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir;

13.6. Xidmətin işçiləri tərəfindən aparılan səyyar yoxlamaları təyin edir və onlara birbaşa nəzarət edir;

13.7. Xidmət tərəfindən aparılmış səyyar yoxlamaların və maliyyə hesabatlarının təhlillərinin nəticələri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə hesabatlar təqdim edir;

13.8. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.9. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin