Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 13 DEKABR TARİXLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI HAQQINDA ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra - Şura) “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamına uyğun olaraq yaradılır.

1.2. Şura dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin həyata keçirilməsi sahəsində ixtisaslaşmış orqan funksiyasını yerinə yetirir.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

1.5. Şura öz fəaliyyətində müstəqildir və vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarə orqanları, yerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir.

1.6. Şuranın fəaliyyətini təmin etmək məqsədi ilə Şuranın Katibliyi (bundan sonra - Katiblik) yaradılır.

1.7. Şura tərəfindən qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin həyata keçirilməsi dövlət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qeyri-hökumət təşkilatlarına yardımın göstərilməsi imkanlarını məhdudlaşdırmır.

1.8. Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.

II. Şuranın əsas məqsəd və vəzifələri, hüquq və funksiyaları

2.1. Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai əhəmiyyətli problemlərin həllində qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir.

2.2. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.2. qeyri-hökumət təşkilatlarını dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək;

2.2.3. qeyri-hökumət təşkilatlarının fəaliyyətini, dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər vermək;

2.2.4. dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında müasir münasibətlər modelinin formalaşdırılması məqsədi ilə sabit və səmərəli tərəfdaşlıq sisteminin yaradılmasını dəstəkləmək;

2.2.5. qeyri-hökumət təşkilatlarının inkişafı proseslərini müşahidə, təhlil və təşviq etmək;

2.2.6. “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın prioritet istiqamətlərini rəhbər tutaraq, qeyri-hökumət təşkilatlarına dövlət yardımı proqramlarını və layihələrini hazırlayıb həyata keçirmək;

2.2.7. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

2.3. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

2.3.1. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı dövlət siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

2.3.2. qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, habelə dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsinə dair qanunvericilik aktları layihələrinin ictimai müzakirələrini təşkil etmək;

2.3.3. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı proqram və layihələri hazırlamaq, onların həyata keçirilməsi üçün müvafiq sahələrdə çalışan mütəxəssisləri cəlb etmək, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət ekspert qrupları təşkil etmək;

2.3.4. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı konfranslar, simpoziumlar, forumlar və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək;

2.3.5. qeyri-hökumət təşkilatlarına konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərmək;

2.3.6 dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və inkişafı ilə bağlı geniş müzakirələr təşkil etmək;

2.3.7. dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyəti və inkişafı ilə bağlı məlumat və təklifləri ictimaiyyətə, müvafiq dövlət orqanlarına və digər təşkilatlara təqdim etmək;

2.3.8. səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları və sənədləri almaq;

2.3.9. layihələr üzrə qeyri-hökumət təşkilatları tərəfindən müqavilə öhdəliklərinin pozulması və sui-istifadə hallarını araşdırmaq, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

2.3.10. layihələr üzrə müqavilə öhdəliklərini pozan qeyri-hökumət təşkilatlarını 2 ilədək müddətə həmin proqramlarda iştirak hüququndan məhrum etmək ;

2.3.11. qanunvericiliklə müəyyən olunmuş qaydada mətbu nəşrlər təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

2. 3.12 qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

2.4. Şura ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

2.4.1. vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında münasibətlərin təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.4.2. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı təhlillər aparır və hesabatlar tərtib edir;

2.4.3. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üçün tədbirlər görür;

2.4.4. qeyri-hökumət təşkilatlarına konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda göstərilən yardımla bağlı təkliflər hazırlayır;

2.4.5. təqdim olunan maliyyə yardımından istifadə etmək üçün qeyri-hökumət təşkilatlarına bərabər şərait və imkanlar yaradılmasını təmin edir;

2.4.6. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələr (bundan sonra - layihələr) hazırlayır, qeyri-hökumət təşkilatlarını onların həyata keçirilməsinə cəlb edir;

2.4.7. layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən müvafiq qaydada ayrılmış və qanunvericiliklə müəyyən olunmuş digər mənbələr hesabına daxil olmuş vəsaitlərin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla bağlı digər zəruri tədbirlər görür;

2.4.8. layihələrin qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsi məqsədi ilə müsabiqələri təşkil edir, onların keçirilməsi qaydalarını və şərtlərini müəyyənləşdirir və bununla bağlı:

2.4.8.1. elanlar verir;

2.4.8.2. layihə üzrə vəsaitə olan tələbatı qiymətləndirir;

2.4.8.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və təqdim edilməsi zəruri olan sənədlərin siyahısını müəyyən edir;

2.4.8.4. təqdim olunmuş layihələri öyrənir və müsabiqənin qalibini müəyyən etmə meyarlarını rəhbər tutaraq layihələri qiymətləndirir;

2.4.8.5. layihələri məqbul hesab edilən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə şifahi müsahibə keçirir;

2.4.8.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyən edir və müvafiq qərar qəbul edir;

2.4.8.7. müsabiqənin qalibi ilə vəsaitlərin istifadə edilməsi şərtləri haqqında müqavilə bağlayır;

2.4.8.8. müsabiqənin baş tutmamış hesab edilməsi hallarını müəyyən edir;

2.4.8.9. müsabiqənin nəticələri barədə məlumatları dərc edir.

2.4.9. Azərbaycan Respublikasının dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarına nəzərdə tutulmuş subsidiyanın (o cümlədən Katibliyin saxlanılması xərclərinin) bölgüsünün təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

2.4.10. qanunvericiliklə müəyyən olunmuş digər mənbələrdən daxil olan və Katibliyin bank hesabında saxlanılan vəsaitlər hesabına proqram və layihələrin müsabiqə əsasında maliyyələşdirilməsini həyata keçirir;

2.4.11. qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş vəsaitlərin (o cümlədən Katibliyin saxlanılması xərclərinin) istifadə olunması barədə Katibliyin rübdə bir dəfə hesabatına və vəsaitə olan tələbatın növbəti il üçün dövlət büdcəsində nəzərə alınması barədə təkliflərinə baxır;

2.4.12. layihələrin həyata keçirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının hesabatlarını nəzərdən keçirir və qiymətləndirmə aparır;

2.4.13. qeyri-hökumət təşkilatları tərəfindən layihələrin yerinə yetirilməsi üçün vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirir və bununla əlaqədar Katibliyin rüblük və illik hesabatlarına baxır.

2.4.14. qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və inkişafına mane olan problemlərin həlli ilə bağlı təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir;

2.4.15. dövlət orqanları ilə qeyri-hökumət təşkilatları, habelə qeyri-hökumət təşkilatlarının özləri arasında qarşılıqlı əlaqəni təmin etmək və genişləndirmək üçün müasir informasiya texnologiyalarının tətbiqinə yardım edir;

2.4.16. qeyri-hökumət təşkilatlarının milli informasiya - analitik şəbəkəsini yaradır və inkişaf etdirir;

2.4.17. qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qarşılıqlı fəaliyyət mexanizmlərinin formalaşdırılmasına dair dövlət orqanları üçün tövsiyələr hazırlayır;

2.4.18. qeyri-hökumət təşkilatları tərəfindən etik davranış qaydalarının qəbul edilməsini təşviq edir;

2.4.19. qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təkliflər hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

2.4.20. qeyri-hökumət təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsini təşviq edir;

2.4.21. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

III. Şuranın formalaşdırılması

3.1. Şura 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Şuranın 8 üzvü qeyri-hökumət təşkilatlarının təklif etdiyi nümayəndələrdən, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir.

3.2. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq təkrarən Şuranın üzvü təyin oluna bilməz. Şura üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

3.3. Şuraya üzv təyin edilən şəxslər ali təhsilli, ictimaiyyət arasında nüfuza və yüksək mənəvi dəyərlərə malik olan şəxslər olmalıdırlar.

3.4. İkili vətəndaşlığı olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olan, cinayət törətdiyinə görə məhkum edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər və din xadimləri Şuranın üzvü ola bilməzlər.

3.5. Şuraya qeyri-hökumət təşkilatları tərəfindən namizədlərin irəli sürülməsi haqqında rəsmi dövlət nəşrində elan verilir.

3.6. Aşağıdakı sahələrdə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının qruplarının hər biri Şura üzvlüyünə 3 namizəd irəli sürür:

3.6.1. insan hüquqları və demokratiya;

3.6.2. ailə, qadın və uşaq məsələləri ;

3.6.3. qaçqın, köçkün, əlil və veteranların məsələləri;

3.6.4. iqtisadi və sosial məsələlər;

3.6.5. təhsil, elm, mədəniyyət;

3.6.6. gənclər və vətənpərvərlik tərbiyəsi;

3.6.7. səhiyyə, sağlamlıq və ekologiya;

3.6.8. narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

3.7. Şura üzvünün səlahiyyətlərinə Şuranın qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

3.7.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

3.7.2. Şura üzvünün bu Əsasnamədə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

3.7.3. səhhətinə görə vəzifələrini altı aydan artıq yerinə yetirə bilmədikdə;

3.7.4. ardıcıl olaraq üç dəfə və ya il ərzində altı dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

3.7.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

3.7.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

3.7.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.

3.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Əsasnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

IV. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 il müddətinə Şuranın sədrini, sədrin müavinini və Şuranın katibini seçirlər.

4.2. Şuranın sədri:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Şuranı təmsil edir;

4.2.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

4.2.4. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.5. Şuranın fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam verir;

4.2.6. Şuranın Katibliyinə ümumi rəhbərliyi həyata keçirir;

4.2.7. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

4.3. Şura sədrinin müavini Şura sədri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir. Şura sədri öz vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini sədr müavini həyata keçirir.

4.4. Şura üzvləri aşağıdakı hüquqlara malikdir:

4.4.1. Şuranın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək;

4.4.2. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

4.4.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;

4.4.4. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

4.4.5. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;

4.4.6. Şuranın qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq.

4.5. Şura üzvləri:

4.5.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

4.5.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

4.5.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;

4.5.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.

4.6. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.

4.7. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq, mütəmadi keçirilir. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar Şuranın sədri və katibi tərəfindən imzalanır.

4.8. Katiblik:

4.8.1. Şuranın iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, iclasların gündəliyinin, müzakirəyə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin, proqramların layihələrini hazırlayır və Şura üzvlərinə təqdim edir, bu məsələlərə dair Şura üzvlərindən daxil olan rəyləri toplayır, təhlil edir və ümumiləşdirir;

4.8.2. qeyri-hökumət təşkilatları tərəfindən proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərdən istifadə olunması vəziyyəti barədə Şuraya rüblük və illik hesabatlar verir;

4.8.3. zəruri hallarda aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;

4.8.4. Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin, o cümlədən təqdim olunmuş layihələrin öyrənilməsi və qiymətləndirilməsi, onlara dair müqavilələrin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qrupları yaradır;

4.8.5. Şuranın kargüzarlıq işlərini, onun iclaslarının protokollarını aparır və iclasın yekun sənədlərinin layihələrini Şura sədrinə təqdim edir;

4.8.6. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

4.8. 7. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti

məlumatlandırır;

4.8.8. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.

4.9. Şuranın katibi Katibliyin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir.

4.10. Katibliyin saxlanılması xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.

4.11. Katibliyin hər il üçün saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsində qeyri-hökumət təşkilatlarına nəzərdə tutulmuş subsidiya hesabına Şuranın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.12. Katiblik müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, emblemə, blanklara, xəzinə və bank hesablarına malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin