Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu Qaydaların 3-cü bəndində nəzərdə tutulmuş sənədlərin nümunələrini bir ay müddətində hazırlayıb təsdiq etsin.

2. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

- 11-ci bəndin beşinci abzasında "xarici ölkələrin hüquqi şəxslərinə" sözləri "xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, xarici dövlətlərə" sözləri ilə əvəz edilsin.

3. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"- həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir".

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,23 oktyabr 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il " 23 " oktyabr tarixli

972 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi

ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi

Q A Y D A L A R I

I. Ümumi müddəalar

1. Bu Qaydalar "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müəyyən edir.

2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində icarə hüquqlarıdır.

3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.

Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümanələri təşkilatçı - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur.

II. Müsabiqə və hərrac təşkilatçısı

4. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün qeydiyyat haqqının miqdarını, torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.

5. Təşkilatçı icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir:

- icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan);

- servitutların da göstərildiyi torpaq sahəsinin planı (cizgisi);

- torpaq vergisinin miqdarı;

- icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi;

- torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.

6. Təşkilatçı ərizəçilərin qeydiyyat haqqının köçürəcəyi ünvanı və müddəti müəyyən edir, müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir.

Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.

Qeydiyyat haqqının miqdarı icarə haqqının aşağı həddinin 5 faizi həcmində müəyyən edilir. Qeydiyyat üçün alınan haqq geri qaytarılmır.

7. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir:

- torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi);

- müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini;

- icarənin hərrac formasında keçirilməsi zamanı hərrac addımını (icarə haqqının aşağı həddini);

- torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını;

- müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını;

- qeydiyyat haqqının miqdarını, onun köçürülmə müddətini və qaydalarını;

- müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini;

- torpaq sahəsi və bağlanacaq icarə müqaviləsinin layihəsi ilə tanış olma vaxtını və yerini.

III. Müsabiqə və hərracda iştirak etmək şərtləri, ərizələrin

verilməsi və qəbul edilməsi qaydaları

8. Elan olunmuş bildirişə görə icarə obyekti olan torpağın icarə haqqının aşağı həddinin 5 faizi həcmində qeydiyyat haqqının təşkilatçının hesabına vaxtında köçürülməsini təmin edən istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər.

9. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda);

- bildirişdə göstərilən hesaba qeydiyyat haqqının köçürülməsini təsdiq edən ödəniş sənədinin surəti;

- ərizə verilən zaman ərizəçinin adından çıxış etməyə vəkil edilmiş şəxsin adına etibarnamə.

Təşkilatçı bu bənddə göstərilmiş sənədlərin qəbulu barədə ərizəçiyə qəbz verir.

10. Aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir:

- ərizələrin qəbulu barədə bildirişdə göstərilən müddət keçdikdən sonra;

- ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə;

Sənədlərin qəbulundan imtina edildikdə sənəd qəbul edən şəxs tərəfindən ərizəçinin təqdim etdiyi ərizədə imtinanın səbəbi barədə müvafiq qeyd edilir və sənədlər ərizəçiyə qaytarılır.

Sənədlərini geri götürmüş ərizəçilərin köçürdükləri qeydiyyat haqqı geri qaytarılmır.

11. Müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir.

12. Müsabiqə və ya hərrac təşkilatçısı ona təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılması, həmçinin ərizəçilərin, eləcə də onların təqdim etdiyi sənədlərin məzmununun məxfi qalması üçün tədbirlər görür.

IV.Müsabiqələrin keçirilməsi qaydaları

13. Ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. İcarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.

Torpaq sahələri icarəyə müsabiqə yolu ilə verildikdə icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda müsabiqə komissiyası iddiaçılara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı şəkildə və gizli surətdə hazırlanır.

V. Hərracın keçirilməsi qaydaları

14. Hərrac keçirilərkən icarə obyektinə daha çox icarə haqqı verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Hərrac aşağıdakı qayda üzrə keçirilir:

- hərrac onun təşkilatçısının təyin etdiyi hərrac komissiyası üzvlərindən biri olan və hərracı aparan şəxs tərəfindən (bundan sonra "hərracçı") icarə predmətinin mülkiyyətçisi və əsas xarakteristikası, icarə haqqının aşağı həddi və hərrac addımı deyilməklə başlanır;

- hərrac iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir və hərracçı növbəti icarə haqqını dedikdə bu cür biletləri olan iştirakçılar icarə obyektini elan edilmiş qiymətə icarəyə götürmək istədikdə həmin biletləri qaldırırlar;

- hərracçı hər sonrakı icarə haqqını hərrac addımını nəzərə almaqla cari qiyməti qaldırmaq yolu ilə təyin edir. Növbəti qiymət edildikdən sonra hərracçı birinci bilet qaldırmış hərrac iştirakçısının biletinin nömrəsini deyir. Sonra hərracçı hərrac addımına uyğun olaraq, növbəti qiyməti elan edir. İcarə obyektini təşkilatçının elan etdiyi qiymətə icarəyə götürmək istəyən şəxslər hərrac iştirakçılarının arasında olmadıqda hərracçı həmin qiyməti üç dəfə təkrar edir;

- hərracçı növbəti qiyməti üç dəfə təkrar etdikdən sonra hərrac iştirakçılarının heç biri biletlərini qaldırmadıqda hərrac başa çatır. Biletinin nömrəsini hərracçıya ən axırda bildirən iştirakçı hərracın qalibi hesab olunur;

- hərracçı hərracın sonunda torpaq sahəsinin icarəyə verilməsini, icarə haqqının məbləğini və hərracın qalibinin bilet nömrəsini elan edir;

- hərrac qalibinin təklif etdiyi icarə haqqı hərracın nəticələri haqqında tərtib olunmuş protokolda qeyd olunur.

15. Qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Protokolda aşağıdakılar göstərilir:

- torpaq sahəsinin yeri, kadastr məlumatları və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsi;

- hərracda qalib gəlmiş ərizəçi haqqında məlumatlar (hüquqi şəxsin rekvizitləri, fiziki şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin məlumatları);

- icarəyə götürülmüş torpaq sahəsinin icarə haqqının məbləği.

Protokol 2 nüsxədə tərtib olunur. Nüsxənin biri qalibə verilir, digəri isə hərrac təşkilatçısında qalır.

16. Hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir:

- iştirakçıların sayı ikidən az olduqda;

- hərracın heç bir üzvü icarə haqqının aşağı həddi üç dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda;

- hərracın qalibi hərracın nəticələri haqqında olan protokola imza atmaqdan boyun qaçırdıqda.

17. Hərrac baş tutmadıqda təşkilatçının icarə haqqının şərtlərini və eləcə də hərrac addımını dəyişdirməklə hərracın təkrar keçirilməsini elan etməyə ixtiyarı vardır.

VI. Müqavilələrin bağlanması və hüququn verilməsi

18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir.

Bu şəhadətnamənin əsasında təşkilatçı ilə hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxs arasında 20 gündən gec olmayaraq mülki və torpaq icarəsi haqqında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır.

Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin