Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN MADDİ-TEXNİKİ BAZASININ MÖHKƏMLƏNDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında son illər ərzində təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının və kadr potensialının günün tələblərinə cavab verməsi, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumtəhsil məktəblərinin təmir və inşa edilməsi, müasir avadanlıqlarla təchiz olunması istiqamətində dövlət büdcəsi, eləcə də beynəlxalq təşkilatların vəsaitləri hesabına müəyyən işlər görülmüşdür. Bununla yanaşı, respublikada ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi və onun müasir tələblərə uyğunlaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır. 

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti 2003-2007-ci illər ərzində Azərbaycan Respublikasının şəhər və rayonlarında yeni məktəblərin tikintisi, mövcud ümumtəhsil məktəblərinin əsaslı təmiri, onların müasir tədris avadanlıqları ilə təmin olunmasına dair iki ay müddətinə xüsusi proqram hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin