RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2006-CI İLİN YANVARIN 1-DƏN 20-DƏK HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. 1988-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1971-1987-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2006-cı ilin yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2006-cı ilin yanvarın 1-dən 20-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2005-ci il.