SİYASƏT
AZƏRBAYCAN VƏ YUNANISTAN HÖKUMƏTLƏRİ ARASINDA ELM, TƏHSİL VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR PROQRAM İMZALANMIŞDIR
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev aprelin 11-də ölkəmizdə səfərdə olan Yunanıstan xarici İşlər nazirinin müavini Andreas Loverdosla görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan V.Quliyev dedi ki, Azərbaycan Yunanıstanla əlaqələrin inkişafında maraqlıdır və əlaqələrin hazırki səviyyəsindən razıdır. Cənab Loverdosun Bakıya səfəri və imzalanacaq sənədlər əlaqələrimizin inkişafını süətləndirəcəkdir.
Yunanıstan prezidenti cənab Konstantinos Stefanopulosun Azərbaycana səfəri səbirsizliklə gözlənilir və bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ açacağına ümid bəslənir.
Azərbaycan Yunanıstanın Avropa Birliyi çərçəvisində də fəaliyyətindən razıdır və hazırda birliyin sədri olan Yunanıstan xarici işlər nazirinin də ölkəmizə səfəri gözlənilir.
Yunanıstanla əlaqələrin inkişafı üçün hər cür şərait var və ümid edirik ki, Yunanıstan tərəfi bundan səmərəli istifadə edəcəkdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən A.Loverdos dedi ki, onun ölkəmizə səfərindən məqsəd Azərbaycan hökuməti ilə Yunanıstan hökuməti arasında İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclasında həmsədr kimi iştirak etmək, bununla yanaşı, bir diplomat kimi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirmək üçün bəzi məsləhətləşmələr aparmaqdır. Rəsmi Afina gənc azərbaycanlı diplomatların Yunanıstan Diplomatiya Akademiyasında təhsil almalrı üçün hər cürə şərait yaradır və ümid edir ki, bu il gənc azərbaycanlı diplomatları qəbul edə biləcəkdir.
Yunanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də öz mövqeyində qalır. Rəsmi Afina münaqişənin beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi ilə həllinə tərəfdardır.
Görüşün sonunda 2003-2005-ci illər üçün Azərbaycan hökuməti ilə Yunanıstan hökuməti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Proqram imzalanmışdır.
Proqramı Azərbaycan tərəfdən xarici işlər naziri Vilayət Quliyev, Yunanıstan tərəfdən bu ölkənin xarici işlər nazirinin müavini A.Loverdos imzalamışlar.