SİYASƏT
AZƏRBAYCAN YUNİSEF-İN FƏALİYYƏTİNDƏN RAZIDIR
Martın 25-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev YUNİSEF-in MDB, Baltik və Şərqi Avropa ölkələri üzrə regional direktoru Filip Obrayen ilə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı nazir Vilayət Quliyev YUNİSEF-in ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirmiş, bu qurumla əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulamışdır.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlı uşaqların ağır şəraitdə yaşadıqlarını diqqətə catdıraraq, belə problemlərin aradan qaldırılması istiqamətində YUNİSEF-lə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Qonaq başçılıq etdiyi təşkilatın Azərbaycanda fəaliyyətinin bundan sonra da səylə davam etdiriləcəyinə və uşaqların hərtərəfli müdafiəsi naminə əzmkarlıq göstəriləcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də
müzakirə olunmuşdur.