İQTİSADİYYAT
AZƏRCELL TELEKOM ÜMUMDÜNYA 3GSM KONQRESİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Konqresdə dünyanın aparıcı mobil operatorları, mobil telefon istehsalçıları, internet-mediaşirkətlər, kompyuter oyunları hazırlayanlar iştirak edəcəklər. Azərbaycanı tədbirdə ölkəmizin mobil rabitə bazarının lideri Azərcell Telekom Birgə Müəssisəsi təmsil edəcəkdir.
Tədbir iştirakçıları son illərin innovasiyaları, texnologiya və xidmətləri ilə tanış olacaqlar. Bu məhsulların əksəriyyəti mobil telekommunikasiyalar sahəsində əlavə xidmətlər bazarına yönəldilmişdir.
Konqres çərçivəsində sərgi təşkil olunacaqdır. Sərgidə aparıcı mobil rabitə operatorları, billinq şirkətləri və kontent-provayderlər 3GSM-in innovasiyalarını və xidmətlərini təqdim edəcəklər.
Azərcell Telekomun mütəxəssisləri simsiz rabitə sahəsində əməkdaşlıq etmək, xarici təcrübədən faydalanmaq məqsədi ilə mobil rabitə liderləri olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirəcəklər. Şirkətin nümayəndələri Azərbaycan və bütövlükdə ümumdünya telekommunikasiya bazarının təhlilinə, yekunlara və inkişafın öncül istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuş məruzələrlə çıxış etmək niyyətindədirlər.
Qeyd etmək lazımdır ki, Ümumdünya 3GSM Konqresi mobil rabitə sahəsində çalışan şirkətlərin ən böyük forumudur. Onun təşkilatçısı aparıcı mobil operatorları və telekommunikasiya vasitələrini birləşdirən tanınmış GSM Association beynəlxalq assosiasiyasıdır.