İDMAN
“AZƏRREYL”İN ÇEMPİONLAR LİQASININ NÖVBƏTİ MƏRHƏLƏSİNƏ ÇIXMAQ ÜÇÜN YAXŞI İMKANI VAR
Voleybolçu qadınlar arasında Çempionlar liqasının ikinci görüşündə Bakının “Azərreyl” komandası İspaniyada “Otel Kantur” klubu ilə qarşılaşmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, meydança sahibləri oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ keçirərək hesabda irəli çıxmışlar. Onlar birinci və ikinci texniki fasilələrədək, müvafiq surətdə, 5 və 8 xal üstünlüyə malik olmuşlar. Voleybolçularımız yalnız birinci hissənin sonuna yaxın rəqiblərə çatmışlar. Hissənin sonluğu idmançılarımızın üstünlüyü ilə keçmiş və onların xeyrinə qurtarmışdır – 31:29. İkinci və üçüncü hissələr isə “Azərreyl”in tam üstünlüyü şəraitində keçmişdir – 25:15, 25:20. Beləliklə, Azərbaycan voleybolçuları 3:0 hesabı ilə qalib gəlmişlər.
Xatırladaq ki, birinci görüşdə qızlarımız Sloveniyanın “Noyva KBM Branik” komandasını da həmin hesabla məğlubiyyətə uğratmışdılar. “Azərreyl” fevralın 3 və 4-də Bakıda, müvafiq olaraq, “Noyva KBM Branik”i və “Otel Kantur”u qəbul edəcəkdir. Çempionlar liqasının növbəti mərhələsinə çıxmaq üçün komandamıza Sloveniya voleybolçularına qalib gəlmək, ispaniyalılarla görüşdə isə bir hissəni udmaq kifayətdir.