REGİONLAR
Abşeron: prokurorluq orqanlarının fəaliyyəti və strukturu təkmilləşdirilib, kadr potensialı gücləndirilib
Xırdalan, 1 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi qeyd edilib.
Rayon prokurorluğunun əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova prokurorluq orqanlarının dövlətin hüquq sistemindəki yerindən və ölkədə qanunun aliliyinin təmin olunmasındakı rolundan danışıb. Prokuror peşəsinə və bu vəzifəni daşıyan insanların zəhmətinə Heydər Əliyevdən dəqiq və yüksək qiymət verməyin çətin olduğunu deyən İ.Gülməmmədova Ulu Öndərin “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözlərini xatırladıb.
Rayon prokurorluğunun əməkdaşlarını təbrik edən İ.Gülməmmədova çətin və şərəfli işlərində onlara uğurlar diləyib. Əmin olduğunu bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində prokurorluq orqanları, o cümlədən Abşeron Rayon Prokurorluğu qüvvələrini heç zaman əsirgəməyəcək.
Sonra Abşeron rayon prokuroru Rahib Seyidov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə şərəfli yol keçib. O, Prezident İlham Əliyevin prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Bildirib ki, prokurorluq orqanlarının fəaliyyəti və strukturu təkmilləşdirilib, kadr potensialı gücləndirilib, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması, habelə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.
Toplantıda çıxış edən Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfova, Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, prokurorluğun veteranı Munis Abuzərli və başqaları prokurorluq orqanlarının 100 ildə keçdiyi inkişaf yolundan danışıb, bu təsisata ictimai etimadın artdığını qeyd ediblər.
Sonda rayon prokurorluğunun fərqlənən bir qrup əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və pul mükafatı təqdim olunub.