CƏMİYYƏT
Abşeron və Şirvan milli parklarının “Ramsar siyahısı”na daxil edilməsi planlaşdırılır VİIDEO
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Qızılağac Milli Parkında Ümumdünya Su-Bataqlıq Əraziləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, qeyri-hökumət təşkilatlarının, Lənkəran Rayon İcra Hakimiyyətinin, milli parkların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Rəşad Allahverdiyev bildirib ki, ölkəmiz "Ramsar əraziləri"nə görə özünəməxsus yer tutur. Respublikamızda sahəsi 200 min hektardan çox olan su-bataqlıq əraziləri mövcuddur. Onların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır. Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-yə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
Qeyd olunub ki, 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyası imzalanıb. Konvensiya Azərbaycan tərəfindən 2001-ci il iyulun 18-də ratifikasiya edilib. Ölkəmizdəki Ağgöl və Qızılağac milli parkları “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib. Qızılağac Milli Parkı ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən eyniadlı qoruğun bazasında yaradılıb.
Bundan başqa, respublikamızda olan digər su-bataqlıq ərazilərinin - Abşeron və Şirvan milli parklarının da Konvensiyanın siyahısına daxil edilməsi planlaşdırılır.
Tədbirdə çıxış edən digər qonaqlar da milli parkların fauna və flora nümunələrinin, vəhşi təbiətin qorunması istiqamətində rolundan danışıblar.
Sonra iştirakçılar yeni yaradılmış Qızılağac Milli Parkının ərazisi, inzibati binası, Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Milli parkın əməkdaşı Natiq Rzazadə Turizm İnformasiya Mərkəzi haqqında qonaqlara məlumat verib. Bildirib ki, burada həm böyüklərin, həm də uşaqların vaxtlarını xoş keçirməsi və maariflənməsi üçün hər cür şərait yaradılıb. Mərkəzdə milli park haqqında məlumat, onun xəritəsi, ərazisində mövcud olan bitki və heyvanların şəkilləri əks edilib. Burada quraşdırılmış monitorda milli parkdakı quşlar haqqında videoçarx nümayiş etdirilir. Mərkəzdə, həmçinin azyaşlıların əylənməsi üçün viktorina təşkil olunub.
Daha sonra qonaqlar Kiçik Qızılağac Körfəzində qışlayan quşları müşahidə ediblər.