CƏMİYYƏT


Abşeron yarımadasında hansı növ ağaclar əkilə bilər? - mütəxəssis rəyi

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-ın saytında ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə mütəmadi olaraq öz tövsiyələrini verir.

Bu dəfə nazirliyinin əkinçilik üzrə mütəxəssisi Abşeron yarımadasında ağacların əkilmə qaydaları barədə məlumat verir.

Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.

Ağacların böyüməsi və qurumaması üçün əkin prosesində nələrə diqqət yetirilməlidir?

Meyvə tinglərinin əkilməsi üçün 40 santimetr enində və 40 santimetr dərinliyində çala qazılmalı və bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 santimetrə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməlidir. Əgər ağacın kök boğazı boşalarsa dibi mütləq torpaqla bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır.

Ağaclarda inkişaf başladıqdan sonra onların yaxşı böyüməsi, yüksək məhsuldarlıq əldə olunması üçün mütəmadi qulluq göstərilməlidir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır. Suvarmadan sonra isə ağacların dibləri yumşaldılmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr verilməlidir. Azot gübrələri isə yazda və yazın ilk yarısında verilir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.