ELM VƏ TƏHSİL
Abşeronda “Anjelina” gavalı sortunun reintroduksiyası öyrənilir
Bakı, 8 may, AZƏRTAC
Kaliforniya seleksiyaçıları 2 gavalı növünün - yabanı və Çin gavalılarının çarpazlaşdırılmasından gecyetişən “Anjelina” gavalı sortu yetişdiriblər. Aparılmış tədqiqatlar “Anjelina” gavalı sortunun (Prunus L) Abşeronun quru-subtropik iqlim şəraitində reintroduksiyasının yüksək perspektivliyini təsdiq edir. Müəyyən edilib ki, 8-10 yaşında olan “Anjelina” gavalı sortunun bir ağacı 50-80 kiloqram məhsul verir. Bir hektarda 400-ə qədər “Anjelina” gavalı ağacı yetişdirilir. Belə halda 1 hektardakı 400 ağacdan 20 tondan 32 tona qədər məhsul yığmaq olar.
Bunu AZƏRTAC-a Dendrologiya İnstitutu Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova bildirib. Onun sözlərinə görə, keçmiş dövrlərdə Azərbaycanın kənd təsərrüfatı sənayesinin meyvə ağaclarının tinglərinə əsas tələbatı digər ölkələrdən (İtaliya, Türkiyə) idxalın hesabına ödənilirdi. Odur ki, Azərbaycanın meyvə ağacları becərilən zonalarında “Anjelina” tinglərinin idxalının qarşısının alınması məqsədilə bu gavalı sortunun tinglərinin yetişdirilməsi aktual bir məsələ kimi qarşıda durur.
O bildirib ki, gələcəkdə botanika bağlarının, dendrarilərin apardıqları elmi tədqiqatların potensialını artırmaq üçün xüsusi ixtisaslaşmış bağların yaradılması məqsəduyğundur. Müşahidələrə görə, dünyanın botanika bağlarında meyvə ağacları hər yerdə yetişdirilir. Lakin dünyanın botanika bağlarında meyvə bağları üçün xüsusi kolleksiyalar ayrılmır. Ona görə bizim əsas məqsədimiz kolleksiya genetik meyvə bağı yaratmaqdır.