İQTİSADİYYAT
“Abşeronneft” NQÇİ-də yeni paylayıcı qurğular istismara verilib
Bakı, 15 iyul, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft” neft və qazçıxarma idarəsində (NQÇİ) yeni paylayıcı qurğular istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, NQÇİ-də uzun müddət ərzində istismarda olan enerji infrastrukturunun yenilənməsi işləri intensiv şəkildə davam etdirilir. İdarədə istismar müddəti başa çatan elektrik paylayıcı qurğuların, transformator məntəqələrinin yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir. Görülmüş işlər çərçivəsində, “Abşeronneft” NQÇİ-nin “Darvin bankası” yatağında sutkalıq neft hasilatı 450 ton olan 12 ədəd stasionar dəniz özülünün elektrik təchizatını təmin edən Şimal estakadasında köhnə paylayıcı qurğular yeniləri ilə əvəz olunub. Yeni paylayıcı qurğular enerjinin kompensasiyası, elektrik verilişi xətlərindəki itkilərin qarşısının alınması üçün xüsusi bəsləmə yuvası, eləcə də kondesator qurğuları, ötürücü xətlərin elektrik mühafizəsini təmin edən müasir tipli rele mühafizə cihazları, enerji analizatorları, universal elektrik enerji sayğacları ilə təchiz olunub. Yeni qurğuların istismarında daxili və xarici işıqlandırma sistemli müasir tipli akkumulyatordan istifadə edilib. Əməliyyat cərəyanının sabit, fasiləsiz təminatı məqsədilə qurğuda aşağı gərginlikli akkumulyatorlu qida blokları quraşdırılıb.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihələndirdiyi 6 ədəd yeni paylayıcı qurğunun ikisi “Neftqaztikinti” tresti tərəfindən tam gücü ilə istifadəyə verilib, dörd qurğunun isə binaları tikilib. Müasir tipli elektrik avadanlıqları tam olaraq quraşdırılıb. Yaxın müddətdə sınaq-sazlama işləri yerinə yetirildikdən sonra həmin qurğuların da istismara verilməsi nəzərdə tutulur.