QAN YADDAŞI
Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları akademiyanın foyesində Xocalı soyqırımına həsr edilən rəsm və kitab sərgisi ilə tanış olublar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi cinayətlərdən söz açıb. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verildiyi bildirilib.
Akademik qeyd edib ki, Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlılması Prezident İlham Əliyevin xarici siyasətinin tərkib hissəsini təşkil edir. Bu faciənin digər ölkələr tərəfindən tanıdılmasında Heydər Əliyev Fondunun mühüm xidmətləri olub. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.
İ.Həbibbəyli AMEA-da azərbaycanlılara qarşı soyqırımların tədqiqi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, alimlər tərəfindən bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Xocalı soyqırımı ilə bağlı Azərbaycan ədəbiyyatında bir sıra əsərlərin yazıldığını bildiriən İ.Həbibbəyli bu mövzuda yeni əsərlərin yazılmasının vacibliyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti belə əsərlərin beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Sonra institutun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Mərziyyə Nəcəfovanın “Xocalı soyqırımı: qəlblərdə, duyğularda, ədəbiyyatda” mövzusunda məruzəsi dinlənilib. Xocalı hadisələrinin canlı şahidi, institutun türk xalqları ədəbiyyatı şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva və başqaları bu soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş film nümayiş olunub.