REGİONLAR
Adil usta: Silahlardan qırğınlar törətmək üçün deyil, sülh üçün istifadə olunsun VİDEO
Cəlilabad, 14 noyabr, İlkin Adıyev, AZƏRTAC
Mina formalı tar, qırıcı təyyarə formasında kaman, boş gilizlərdən düzəldilən qaval…
Cəlilabadın Hacıcavadlı kənd sakini 86 yaşlı Adil Əmirov ömrünün çoxunu milli musiqi alətlərimizin hazırlanmasına həsr edib. Adil ustanın bu işə marağı ikinci sinifdə oxuyarkən yaranıb. Belə ki, taxta parçasından düzəltdiyi kiçik tar oyuncağı həmyaşıdlarının, həmçinin müəllimlərinin xoşuna gəldiyindən, onda bu işə böyük həvəs oyanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Adil Əmirov tarla yanaşı, kamança, saz, nağara, qoşanağara və nəfəs alətlərimizin hazırlanması ilə də məşğuldur. Onun düzəltdiyi musiqi alətlərini digərlərindən fərqləndirən əsas özəllik isə həmin alətlərin silah-sursat formasında olmasıdır.
Adil usta mina formalı tarı 2017-ci ildən hazırlamağa başlayaraq üç ilə ərsəyə gətirib. O, bu musiqi alətini işğaldan azad olunmuş ərazilərimizdə minaya düşərək həlak olan insanlara xatirəsinə həsr edib.
Digər hazırladığı musiqi aləti olan kamanın ön hissəsini qırıcı təyyarəyə bənzətməklə yanaşı, alt hissələrinə raket formalı maketlər də əlavə edib. Adil Əmirov qavalın hazırlanmasında isə boş patron gilizlərindən istifadə edib. Ustanın sözlərinə görə, musiqi alətlərinə əlavə olunan bu forma səsi daha da dolğun və ecazkar edir.
Adil Əmirov deyir ki, musiqi alətlərini silah-sursat formasında düzəltməyin əsas səbəbi dünyaya “Silahlardan qırğınlar törətmək üçün deyil, sülh üçün istifadə olunsun!” mesajını verməkdir. O, hətta yazdığı bu şüarı musiqi alətlərinin üzərindən də asıb.
Ömrünü musiqi alətlərinin düzəldilməsinə həsr edən qocaman usta, həm də bu alətlərin gözəl ifaçısıdır.
Adil ustanın əl işləri, hazırladığı musiqi alətləri dəfələrlə müsabiqələrdə, festivallarda və dövlət tədbirlərində nümayiş etdirilib, böyük marağa səbəb olub. O, bir çox fəxri fərman və diplomlara da layiq görülüb.