CƏMİYYƏT
Ədliyyə nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Dövlətimizin başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 3-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Xaçmaz rayonunda vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Həmçinin Xaçmaz Regional Ədliyyə İdarəsinin, rayon icra və probasiya şöbəsinin əməkdaşları ilə müşavirə keçirilərək, ədliyyə fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlərə toxunulub, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın müstəsna əhəmiyyəti vurğulanıb. Bundan başqa, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.