DÜNYA
Əfqanıstanda naməlum silahlılar azı beş nəfəri qətlə yetiriblər
Bakı, 12 iyun, AZƏRTAC
Əfqanıstanın Kabil əyalətində baş verən silahlı hücum nəticəsində azı beş nəfər həlak olub.
AZƏRTAC “Tolo News” telekanalına istinadla xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, silahlı şəxslər Paqman dairəsində toy mərasimindən qayıdan insanları girov götürüb, sonra isə qətlə yetirib. Öldürülən şəxslər mücahidlərin sabiq komandiri və onun qohumları olub.
Yerli hakimiyyət orqanları hadisəni Taliban hərəkatının üzvlərinin törətdiyini iddia edirlər. Taliblər isə insidentlə bağlı hələlik şərh verməyiblər.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan Taliban hərəkatının üzvləri arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə Taliban hərəkatı arasında sülh danışıqları başlayıb.