DÜNYA
Əfqanıstanda taliblər 10-a yaxın insanı girov götürüblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Əfqanıstanın şimal-şərqində yerləşən Pəncşer əyalətində “Taliban” hərəkatının döyüşçüləri azı 10 nəfəri girov götürüblər.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, insident Abşar rayonunda baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Taliban” hərəkatının döyüşçüləri girovları məscidə yerləşdirib. Məscidi mühasirəyə alan təhlükəsizlik qüvvələrinin əməkdaşları girovların azad edilməsi üzrə əməliyyata hazırlaşır.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur. Həmçinin sənədə əsasən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.