REGİONLAR
Ağalıda “Arximed” qurğusu ilə həm elektrik enerjisi ehtiyacı ödənəcək, həm də artıq enerjini xaricə satmaq mümkün olacaq
Bakı, 27 aprel, AZƏRTAC
Zəngilanın Ağalı kəndində icra olunan “Ağıllı kənd” layihəsinə əsasən, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində iştirak edəcək şirkətlərin nümayəndələri ilə videoformatda keçirilən söhbətində Türkiyə şirkətinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, sistemdən çıxan isti su kənddəki evlərə və otelə ötürüləcək. “Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır”, - deyə Türkiyə şirkətinin nümayəndəsi qeyd edib.