REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” başa çatıb
Şahbuz, 29 iyul, AZƏRTAC
Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində keçirilən “Yay məktəbi” başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ilk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları və “Fərdi Xəmsə” intellektual oyununda iştirak edib, yumoristik səhnəciklərlə çıxış ediblər. Sonda isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmi izlənilib.
Gənclər ikinci gün səhər gimnastikasından sonra Ağbulaq kəndi ərazisində gəzintidə iştirak ediblər. Onlar “Vətəni tanı” və “Axtar tap” intellekt yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, müxtəlif idman oyunları təşkil olunub, konsert proqramı və gənc aktyorların tamaşaları nümayiş etdirilib. Gənclər ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən bəhs olunan “Dahi şəxsiyyət” sənədli filmini maraqla izləyiblər.
“Yay məktəbi”nin sonuncu idman oyunlarının təşkilindən əlavə, iştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Təşkil olunan fəaliyyət növlərində fərqlənən gənclərə, müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan 3 günlük “Yay məktəbi”nə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutundan ümumilikdə 55 tələbə cəlb olunub.