REGİONLAR
Ağcabədidə arpa biçininə başlanılıb
Ağcabədi, 31 may, AZƏRTAC
Ağcabədi rayonunda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar. Ötən il hər hektardan orta hesabla 35,9 sentner məhsul götürən ağcabədili taxılçılar bu ili də uğurla başa vurmaq əzmindədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ilin məhsulu üçün rayonda 28 min 50 hektarda taxıl, o cümlədən 22 min 413 hektarda buğda, 5637 hektarda arpa becərilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Biçin kampaniyasına kifayət qədər taxılbiçən kombayn, habelə küləş presləyən, taxıl təmizləyən, qoşqu və digər texnika cəlb edilib.
Artıq qısa vaxtda 182 hektarda biçin aparılıb, 503 ton məhsul əldə edilib. Ümumilikdə isə mütəxəssislər bu il rayonda 100 min tondan artıq taxıl istehsal olunacağını proqnozlaşdırırlar.