REGİONLAR
Ağcabədidə aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət göstərilib
Ağcabədi, 20 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNICEF-in Azərbaycan ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində fəaliyyətini uğurla davam etdirir.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi rayonunda fəaliyyət göstərən Aztəminatlı ailələrə uşaq hüquqları üzrə Hüquqi Xidmət Mərkəzi “Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiya ilə bağlı kəndlərdə maarifləndirici tədbirlər keçirir.
Məişət zorakılığı hallarının aradan qaldırılmasına dəstək məqsədilə növbəti tədbir Kəhrizli kəndində təşkil olunub. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının dəstəyi ilə keçirilən tədbirdə GTM Qarabağ Regional Ofisinin rəhbəri, layihənin koordinatoru Radə Telmanqızı çıxış edərək, layihə çərçivəsində görülən işlər və strategiya haqqında iştirakçılara ətraflı məlumat verib, göstərilən xidmətləri diqqətə çatdırıb.
Sonra uşaq hüquqları ilə bağlı 40-dan çox müraciət dinlənilib, təkliflər qəbul edilib. Müraciətlər əsasən əlilliyi olan uşaqların hüquqları, məşğulluq, uşaqların sağlamlıq məsələləri, sosial müavinətlər və sair barədə olub. Müraciətlərin bir çoxu yerindəcə həll edilib. Bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.