REGİONLAR
Ağcabədidə əsas kapitala yönəldilən investisiyalar 3,9 dəfə artıb
Ağcabədi, 21 aprel, AZƏRTAC
2018-ci ilin birinci rübündə Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 117.009,7 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. Bu dövrdə 11.136,3 min manatlıq sənaye, 26.624,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 56.559,9 min manat investisiya yönəldilib. 2017-cı ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 34,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 9,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 3,9 dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə abadlıq-quruculuq işləri görülüb, 626-sı daimi olmaqla, 1017 yeni iş yeri açılıb. Hazırda atçılıq kompleksinin, su-kanal idarəsinin inzibati binasının, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin tikintisi aparılır, şəhər 7 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, 2018-ci il üçün rayonda 10 min 050 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu günə qədər 4060 hektar sahədə çiyid səpilib. Hazırda rayonda çiyid səpini davam etdirilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə birinci rübdə 1204 inək və düyə süni yolla mayalandırılıb və 588 baş cins buzov alınıb.
Bildirilib ki, rayon ərazisində aqropark yaradılması məqsədilə dövlət fonduna aid 4800 hektar qış otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin 2017-ci il 30 yanvar tarixli qərarı ilə dəyişdirilib. Gələcəkdə aqropark ərazisində 1300 hektar soya, 1500 hektar qarğıdalı, 1000 hektar buğda, 500 hektar günəbaxan və 500 hektar şəkər çuğundurunun əkilməsi planlaşdırılıb. Bundan əlavə, ərazidə bitki yağlarının emalı müəssisəsinin yaradılması da nəzərdə tutulur.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.