REGİONLAR
Ağcabədidə karate-do idman növü üzrə Əməkdar məşqçi ilə məktəblilərin görüşü keçirilib
Ağcabədi, 7 dekabr, AZƏRTAC
Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində karate-do idman növü üzrə əməkdar məşqçi, 4-cü İslam Həmrəyliyi Oyunlarında hakim, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblilərin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salmanbəyli kənd tam orta məktəbin direktoru Gülbikə Məmmədova və təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov görüşdə çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıblar. “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmi olduğu vurğulanıb.
Eldəniz Qənbərov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.