Ağdamda Şuşa şəhərinin işğalının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
AzerTAg.az
Ağdam, 8 may (AZƏRTAC). Ağdam Rayon İcra Hakimiyyətində Şuşa şəhərinin işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələri və rayonda məskunlaşan şuşalı məcburi köçkünlər əvvəlcə rayonun girişində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə tər çiçəklər düzərək Vətən torpaqlarının bütövlüyü uğrunda həlak olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər Şuşa şəhərinin tarixi, mədəniyyəti, təbiəti, dünya mədəniyyətinə və incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən söz açmış, Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən danışmışlar.
Çıxışlarda xüsusi vurğulanmışdır ki, qədim mədəniyyət beşiyimiz Şuşanın düşmən tapdağından azad ediləcəyi gün uzaqda deyildir. İşğal altında olan ərazilərimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində azad olunacaqdır.
Tədbirdə iştirak edən Şuşa rayonundan olan məcburi köçkünlərə ərzaq yardımı edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var