CƏMİYYƏT
Ağdamda partlamış mərmi qalığı aşkarlanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Təzəkənd kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd partlamış mərmi qalığı aşkar edilib. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Onun ətrafında 550 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 7-dək, ümumilikdə, 7512 partlamamış hərbi sursat, tank əleyhinə 202 və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 735 min 627 kvadratmetr ərazi yoxlanılıb.