İQTİSADİYYAT
Agentlik: Sıfır emissiya hədəfinə çatmaq üçün neft investisiyaları dayandırılmalıdır
Bakı, 18 may, AZƏRTAC
Qlobal enerji sektorunun 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatması üçün neft investisiyaları ən qısa müddətdə dayandırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, 2030-cu ilədək günəş və külək enerjisi üzrə istifadəyə veriləcək güclər 2020-ci ildəki göstəricinin dörd qatına bərabər olmalıdır. Sıfır emissiya hədəfinə çatmaq üçün yeni ənənəvi enerji layihələri həyata keçirilməməli, enerji təchizatı fasiləsiz və əlçatan şəkildə təmin edilməlidir. Digər tərəfdən, hökumətlər bu günə qədər iqlim dəyişikliyinə qarşı mübarizədə elan etdikləri öhdəliklərin icra etsələr belə, bu, 2050-ci ilədək enerji sektorundan karbon emissiyalarını sıfıra endirmək üçün kifayət deyil.
Hazırda illik 2,3 trilyon dollar səviyyəsində olan qlobal enerji sektoruna yatırılan ümumi investisiyalar sıfır emissiya hədəflərinə uyğun ssenaridə 2030-cu ilə qədər təxminən 5 trilyon dollara qədər artmalıdır. Bu investisiyanın qlobal iqtisadi artıma töhfəsinin illik 0,4 faiz olacağı hesablanır. 2050-ci ilədək isə investisiyaların illik 4,5 trilyon dollar olacağı proqnozlaşdırılır. Bu səbəbdən də qlobal enerji sisteminin köklü dəyişməsi, investisiyaların əhəmiyyətli dərəcədə artması və kapitalın təmiz enerji mənbələrinə yönəldilməsi vacibdir.
Qlobal enerji sisteminin tamamilə fərqli olacağı 2050-ci ildə dünya əhalisinin 2 milyard artmasına baxmayaraq, enerji tələbatının bugünkü ilə müqayisədə 8 faiz azalacağı gözlənilir.