REGİONLAR
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM
Bakı, 19 aprel, AZƏRTAC
Prezident İlham Əliyev aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.
Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.
Sərəncama əsasən, Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. İşçi qrupun rəhbəri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
İşçi qrupa Konsepsiyanın layihəsi hazırlanarkən aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etmək, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Həmçinin aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görməlidirlər.