CƏMİYYƏT
Ağsaqqallar Şurasının Suraxanı rayon təşkilatının hesabat-konfransı keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
Suraxanıda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövrdə dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Eldar İbrahimov bildirib ki, ölkəmizin inkişafında, mədəni-ictimai həyatımızın bir çox sahələrində, gənc nəslin milli adət-ənənələrə uyğun tərbiyə edilməsində və formalaşmasında ağsaqqallarımızın böyük əməyi var. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Vətən müharibəsində şanlı Zəfərin qazanılmasından bəhs edən natiq bu Qələbənin qazanılmasında ağsaqqalların da danılmaz xidmətlərinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O vurğulayıb ki, hər zaman ağsaqqallara, ağsaqqal sözünə yüksək qiymət verən, onları Azərbaycanın milli-mənəvi dəyərləri hesab edən ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi böyük diqqət və qayğı hazırda dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Eldar İbrahimov hamını Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək daha qüdrətli Azərbaycan naminə respublikada həyata keçirilən böyük quruculuq işlərində bütün bacarıqlarını, həyat təcrübələrini, bilik və enerjilərini səfərbər edərək fəal iştiraka çağırıb. Natiq, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatda həyata keçirilən mütərəqqi işlərdən, nəzərəçarpacaq canlanmadan bəhs edib, Şuranın Nizamnaməsindən və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnamədən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib və tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Digər çıxış edənlər Vətən müharibəsində şəhid olmuş övladlarımıza bir daha Allahdan rəhmət diləyərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bu gün genişmiqyaslı bərpa-quruculuq və abadlıq işlərinin aparıldığını, doğma torpaqlarımızın yenidən dirçəldiyini bildirib. Həmçinin bütün ölkədə olduğu kimi, Suraxanı rayonunun ictimai-siyasi həyatında da ağsaqqalların əvəzsiz rolundan və nüfuzundan bəhs edilib. Bildirilib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir.
Sonra konfransda tədbirin gündəliyindəki məsələlər müzakirə olunub, səsvermə nəticəsində Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. Babayev Arif Eyvaz oğlu yenidən Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimizin qazandığı böyük Zəfərdən, əsrin Qələbəsindən və bu gün doğma torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən qürurla bəhs ediblər. Həyatımızın hər bir sahəsində ağsaqqalların mənəvi dəstəyinin, öyüd-nəsihətlərinin əvəzsiz rolundan danışan natiqlər Suraxanı Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.