ELM VƏ TƏHSİL
Ağstafa və Tovuzda əsaslı təmir edilmiş məktəblərin açılışı olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Ağstafa rayon, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov və məktəb direktoru iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir olunmuş binası 624 şagird yerlikdir. 2019-2020-ci tədris ilində məktəbdə 359 şagird və məktəbəhazırlıq qrupunda 20 uşaq təhsil alıb. Məktəbdə müasir sinif otaqları, fizika, kimya laboratoriyaları, biologiya, texnologiya kabinetləri var. İdman zalı yenidən qurulub, yeni idman qurğuları ilə təchiz olunub. Akt zalı müasir formada düzəldilərək 180 yerlik oturacaqla təchiz edilib. Müasir kitabxana yaradılıb.
Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları da istifadəyə verilib. Məktəb üçün müasir istilik qazanxanası tikilib.
X X X
Sentyabrın 11-də Tovuz rayon, Aşağı Quşçu kənd tam orta məktəbinin əsaslı təmir edilmiş tədris binasının da açılışı olub. Tədbirdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və məktəb direktoru iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məktəb 1176 şagird yerlikdir. Təhsil müəssisəsində yeni tipli kitabxana, idman zalı, 100 nəfərlik yeməkxana, avadanlıqlarla təchiz edilmiş 3 laboratoriya, akt zalı, müasir infrastrukturla təchiz edilmiş sinif otaqları, müəllimlər otağı və digər yardımçı otaqlar yeni tədris ilində istifadəyə veriləcək.