REGİONLAR
Ağstafada dini radikalizmlə mübarizədə islam həmrəyliyinin roluna dair müzakirələr aparılıb
Ağstafa, 14 sentyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafada “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə dini mühitdə dini radikallığa meyillərin səbəbinin öyrənilməsi, bunun qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən danışıb, bununla əlaqədar rayonda silsilə tədbirlərin təşkil olunduğunu qeyd edib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Akşin Axundov “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu” mövzusunda məruzə ilə çıxış edərək komitə tərəfindən bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. İslam dini adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla maraqlı dairələrin dəyirmanına su tökürlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin işçisi Ceyhun Rüstəmov və Ağstafa şəhər “İmam Əli adına Cümə məscidi” dini icmasının sədri Şahin İsmayılov çıxış edərək Prezident İlham Əliyevin islam dininə və dini mədəniyyət abidələrinin bərpasına böyük önəm verdiyini diqqətə çatdırıblar.