REGİONLAR
Ağsu və Şamaxıda Novruz tonqalları qalanıb
Ağsu, 17 mart, AZƏRTAC
Xalqımızın ən əziz bayramı olan Novruz Ağsuda təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və “Az-Qranata” MMC-nin birgə təşkilatçılığı ilə meyvə şirələri və şərab emalı zavodunun həyətində təşkil edilən bayram şənliyində Bahar qızının, Kosa və Keçəlin təbrikləri, məzəli oyunları, kəndirbazın çıxışı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Ulularımızın işlətdikləri məişət əşyalarının sərgisi hər kəsdə böyük maraq doğurub.
Respublikamızın tanınmış incəsənət ustalarının - aşıq və müğənnilərin çıxışları bayram şənliyinə əlavə rəng qatıb.
Sonra Novruz tonqalı qalanıb. Şənlik bayram süfrəsi arxasında davam etdirilib.
X X X
Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı Dəmirçi kəndində istifadəyə verilən xalq sənəti obyektlərinin qarşısındakı meydanda təntənəli surətdə qeyd olunan Novruz şənliyində rayon rəhbərliyi, qonaqlar, minlərlə sakin iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar, eləcə də digər sənət nümunələrinin nümayişi, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörəklər maraqla qarşılanıb.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. İncəsənət ustalarının, rəqqasların çıxışları, pəhləvanların meydan mübarizəsi şənliyə əlavə rəng qatıb.