REGİONLAR
“Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda elmi-praktiki konfrans olub
Naxçıvan, 18 iyun, AZƏRTAC
“Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda elmi-praktiki konfrans Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda alimentin uşaqların təminatına təsirindən bəhs edilib, aliment öhdəlikləri, ödənilməsi və tutulması qaydaları ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Bildirilib ki, aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər. Uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Valideynlər uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar.
Konfransda boşanmış ailələrdə böyüyən uşaqların maddi-mənəvi ehtiyaclarının ödənilməsinə, həmin qrupdan olan uşaqların psixoloji durumunun yaxşılaşdırılmasına istiqamətlənən məsələlərə də toxunulub.